Məhkəmə qərarları › İş №3(005)-5111/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5111/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5111/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AsanPay elektron kabinetinə 17 sentyabr 2025ci il tarixdə istifadəsində olan HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 Xidmətinin İXP7434163 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı yerləşdirilmişdir. Həmin qərarda 17 sentyabr 2025-ci il il tarixində Bakı şəhəri, Ağa Neymətulla, 94a istiqamətində istifadəsində olan HYUNDAİ ELANTRA minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati xəta törədildiyi müəyyən edilmiş, barəsində 17 sentyabr 2025-ci il tarixli İXP7434163 saylı inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmiş və nəticədə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən cərimə tətbiq olunmuşdur. Həmin qərardan tərəfindən Nərimanov rayon məhkəməsinə şikayət verilmiş və şikayətim qismən təmin edilmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-3925/2025 saylı Qərarına əsasən 17 sentyabr 2025-ci il tarixli İXP7434163 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və yenidən araşdırılması üçün adiyyəti orqana göndərilmişdir. Lakin, adiyyəti orqan tərəfindən hər hansı bir araşdırma aparılmadan təkrar eyni inzibati xəta üzrə eyni saylı, fərqli tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və AsanPay elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında İXP7434163 saylı elektron qərarı ilə razı deyil. Qeyd edilən vaxtda və istiqamətdə istifadəsində olan HYUNDAİ ELANTRA minik avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşının saxla işarəsinə əməl edərək avtomobili saxlamışdır. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı avtomobilə yaxınlaşaraq qayda pozuntusu törətdiyini bildirmiş və müvafiq sənədləri təqdim etməyi tələb etmişdir. Sənədləri təqdim etdikdən sonra isə qayda pozuntusu törətdiyinə görə artıq haqqında müvafiq inzibati protokolun tərtib edildiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşından qeyd edilən qayda pozuntusunun nə olduğu haqqında məlumat almaq istəsə də ona bu haqda hər hansı bir məlumat verməmişdir. Həmçinin, bəhs edilən qayda pozuntusu ilə bağlı AsanPay elektron kabinetinə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati tənbeh vermə haqqında elektron qərar yerləşdirilsədə həmin qayda pozuntusunu təsdiq edəcək hər hansı bir foto və ya video görüntü əlavə edilməmişdir. İXP7434163 saylı elektron qərarı ilə razı deyiləm və qeyd edilən vaxtda və istiqamətdə HYUNDAİ ELANTRA minik avtomobili ilə hərəkətdə olarkən tərəfindən heç bir qayda pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak edə bilməmiş, Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-3925/2025 saylı Qərarına əsasən 17 sentyabr 2025-ci il tarixli İXP7434163 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və yenidən araşdırılması üçün adiyyəti orqana göndərilmişdir. Baş X5 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş DVD disk görüntüsündən aydın olur ki, X5 əməkdaşları tərəfindən **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarının pozulması ilə bağlı saxlanılmış və həmin vaxt heç bir etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Məhkəmədə tədqiq edilən vidogörüntüdən də aydın olur ki, X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 42-ci maddəsinin XV bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar