Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-518/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC-yə məxsus Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 2 A ünvanında yerləşən 112 saylı qazanxananın fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin yol verilən normativlərdən artıq olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X8 izahatında bildirdi ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə əsassız və qanunsuzdur. Belə ki, qazanxananın yaşayış binasının yanında tikilməsi barədə narazılıqlarını vaxtı ilə bildirmişlər. Lakin sonradan layihə müvafiq orqanlar tərəfindən təsdiq olunmuş və layihənin tikintisinə başlanılmışdır. Tüstü borusunun uzunluğu yaşayış binasından hündür olmalıdır. Bu barədə onlar MTK rəhbərliyi ilə danışıqlar aparmış və razılığa əsasən onlar tərəfdən həmin tüstü borusu daha uzunu ilə əvəz edilməli idi. Ətrafa zəhərli maddələrin buraxılması ilə bağlı deyə bilər ki, qurum tərəfindən istilik qazanxanalarında daima yoxlamalar keçirilir və bu barədə aktlar tərtib olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yoxlama gələrkən xəbərləri olmamışdır. Yoxlama aparılarkən və ya tüstü borusuna baxış keçirilərkən onların qurumunun heç bir əməkdaşı iştirak etməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs ASC barəsində xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2021-ci il tarixli, 69049 nömrəli Aktından görünür ki, Şəxs ASC-yə məxsus 112 saylı qazanxananın fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin yol verilən normativlərdən artıq olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin X1 baş mütəxəssisi Sübhan Osmanov, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişləri Elnur Behbudov və Canpolad Bayramov tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 0006 nömrəli Monitorinq Aktından görünür ki, ölçmənin nəticələrinə əsasən CO (dəm qazının) ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. Qazanxananın nümayəndələri monitorinqdə iştirak etsələr də, onlar akta qol çəkməkdən imtina etmişlər. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, Milli Hidrometeorologiya Xidmətinə daxil olan xx.xx.2021-ci il tarixli, 26/69 saylı ünvan 1 ünvanında “evin qarşısında yerləşən 112 saylı qazanxananın borusundan çıxan qara tüstü-qoxunun ətrafa yayılması” ilə bağlı müraciətə əsasən xx.xx.2021-ci il tarixində Xidmətin və 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən monitorinq keçirilmişdir. Ölçmə işləri sabit hava şəraitində saat 14:00-da ANKAT 64M3-03 ölçmə cihazı vasitəsi aparılmışdır. Təyin edilən göstəricilərdən dəm qazının (CO) miqdarı 10,5 mq/m3 (norma 5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olmuşdur. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs ASC-yə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 26/100 nömrəli məktubundan görünür ki, Ekologiya, və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə ünvan 1, mənzil 295 ünvanında yaşayan Samirə Rəfiyevanın “Evin qarşısında yerləşən 112 saylı qazanxananın borusundan çıxan qara tüstü-qoxu ətrafa yayılır” ilə bağlı müraciəti İdarə əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən Şəxs ASC-nin balansında olan Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 112 saylı qazanxananın ətrafında xüsusi cihaz vasitəsilə atmosferə atılan tullantıların miqdarı ölçülmüş və tullantıların miqdarının müəyyən edilmiş normadan artıq olduğu müəyyən olunmuşdur. Bununla da, Şəxs ASC-nin balansında olan Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 112 saylı qazanxananın fəaliyyəti nəticəsində “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İdarə tərəfindən başlanılmış inzibatı araşdırmanın aparılmasında iştirak etməsi üçün xx xxxxxx 2021-ci il tarixində səlahiyyətli nümayəndə (etibarnamə və şəxsiyyət vəsiqəsi əsasında) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs ASC-yə məxsus Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 2 A ünvanında yerləşən 112 saylı qazanxananın fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması öz təsdiqini tapır. Bununla da, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-518/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-518/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver