Məhkəmə qərarları › İş №3(005)-5205/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5205/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5205/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı Metropolitenində polis İdarəsinin İTB-nin baş inspektoru X1, Zərərçəkmiş şəxs - Egana Mamıshovanın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Neftçala rayonunun Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Neftçala rayonunun Astanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin baş inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 08 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 10:00-da metronun N.Nərimanov stansiyasında qatarın içərisində Gürcüstan Respublikasının vətəndaşı Egana Mamıshovaya qarşı qeyri-əxlaqi hərəkətlər edərək onu narahat etmiş və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin baş inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Egana Mamıshova çıxış edərək bildirmişdir ki, Şəxs ona qarşı metroda əxlaqsız hərəkətlər etmişdir. Əli ilə onun bədəninə toxunmuşdur. O, birinci dəfə bunun səhvən olduğunu düşünsə də sonradan bu hərəkətlərin davam etməsini hiss etmiş və həmin kişinin qəsdən etdiyini anlamışdır. O, həmin kişiyə qışqıraraq niyə belə etməsini soruşmuşdur. Bu zaman kişi stansiyada qatardan düşərək uzaqlaşmağa çalışmışdır. O da öz növbəsində polis əməkdaşına şikayət edərək müvafiq tədbirin görülməsini xahiş etmişdir. Hazırda Şəxs qarşı şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək bildirmişdir ki, bilmədən Egana Mamıshovaya toxunmuşdur. İctimai qaydanı pozmamışdır. Barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həmin maddə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri İXM-in 510-cu maddəsinin tərkibini yaradır. Qeyd edilən hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. İXM-in: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gəlir. İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 dekabr 2025-ci il tarixdən saat 14:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar