Məhkəmə qərarları › İş №3(005)-5208/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5208/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5208/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin polis leytenantı Nihad Əzimli tərəfindən qəbul edilmiş 20 sentyabr 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis leytenantı Nihad Əzimli tərəfindən qəbul edilmiş 20 sentyabr 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, 30 noyabr 2025-ci il tarixdə saat 03:26-da Ələkbərova Aytənin istifadəsində olan mobil telefon nömrəsinə SMSRadar.az internet resursundan SMS daxil olmuşdur. Həmin SMS-də “90 LT221 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə məhdudiyyətin (həbsin) mövcud olduğu və əlavə məlumat üçün DYP orqanlarına müraciət edilə biləcəyi” göstərilmişdir. Sözügedən SMS şikayətə əlavə edilmişdir. Bu məlumat əsasında Ələkbərova Aytən 01 dekabr 2025-ci il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı ərazi üzrə, yəni Nərimanov Rayon Polis İdarəsinin X6 şöbəsinə müraciət etmişdir. Şöbənin əməkdaşları öz informasiya sistemlərində araşdırma apararaq bildirmişlər ki, Bakı şəhər X6 İdarəsi tərəfindən Ələkbərova Aytən barəsində 20 sentyabr 2025-ci il tarixli, TP7520217 nömrəli “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 100 (bir yüz) manat məbləğində cərimə cəzası tətbiq olunmuşdur. Ələkbərova Aytənin xahişi ilə polis əməkdaşları həmin qərarın təsdiqlənməmiş bir nüsxəsini printer vasitəsilə çap edərək qeyri-rəsmi qaydada ona təqdim etmişlər. Qərarın məzmunu ilə tanış olduqda məlum olmuşdur ki, bu qərar 30 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Həsən Əliyev küçəsində baş verdiyi iddia edilən hadisə ilə bağlıdır. O izah etmişdir ki, 30 iyun 2025-ci il tarixdə təxminən saat 16:25 radələrində onun istifadəsində olan 90 LT221 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Həsən Əliyev küçəsi ilə hərəkətdə olarkən X6 xidməti avtomobili tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsinə yaxınlaşan polis inspektoru özünü təqdim etməmiş və xidməti vəsiqəsini göstərməmiş, ona guya Tiflis prospekti istiqamətində işıqforun qırmızı işığında keçdiyini bildirmişdir.Ələkbərova Aytən bu iddia ilə razılaşmamış və həmin pozuntunun videogörüntüsünün təqdim edilməsini tələb etmişdir. Lakin polis əməkdaşı görüntünü təqdim edə bilməmiş, buna baxmayaraq inzibati xəta törədildiyini bildirərək inzibati protokolun tərtib ediləcəyini qeyd etmişdir. Ələkbərova Aytən protokolun yerində tərtib olunmasını və izahat vermək hüququnun təmin edilməsini tələb etsə də, əməkdaş bu tələbləri yerinə yetirməmiş, onu təxminən 15–20 dəqiqə gözlətdikdən sonra protokolun sonradan tərtib ediləcəyini və bu barədə SMS göndəriləcəyini bildirərək hadisə yerini tərk etmişdir. Bununla da Ələkbərova Aytən təxminən 35 dəqiqə müddətində əsassız olaraq yolundan saxlanılmışdır. Hadisədən bir neçə dəqiqə sonra, saat 17:02-də Ələkbərova Aytənin mobil telefonuna SMS daxil olmuşdur. Həmin SMS-də 90 LT221 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə 100 AZN məbləğində cərimə tətbiq edildiyi, tarix xx.xx.2025, saat 16:58, maddə 327.2 və protokol nömrəsi İXP7238505 göstərilmişdir. Sonrakı günlərdə, o cümlədən 11 iyul və 20 iyul 2025-ci il tarixlərində də eyni məzmunlu SMS-lər daxil olmuşdur. X4 ünvanına inzibati protokol və ya inzibati tənbeh vermə haqqında qərar rəsmi qaydada göndərilməmişdir. Ələkbərova Aytən dəfələrlə Bakı şəhər X6 İdarəsinə və digər polis qurumlarına müraciət etsə də, sənədləri əldə edə bilməmişdir. Yalnız 29 iyul 2025-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları tərəfindən dəfələrlə tələbindən sonra 30 iyun 2025-ci il tarixli İXP7238505 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 11 iyul 2025-ci il tarixli TP7365701 nömrəli inzibati tənbeh vermə haqqında qərar qeyri-rəsmi qaydada çap edilərək təqdim edilmişdir. Sözügedən protokol və qərardan aydın olmuşdur ki, sənədlər elektron formada tərtib edilmişdir və Ələkbərova Aytənin iştirakı təmin edilmədən inzibati xəta haqqında işə baxılmışdır. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati protokol tərtib edilərkən şəxsin iştirakı, izahat vermək, sübut təqdim etmək və vəsatət qaldırmaq hüquqları təmin edilməlidir. Elektron inzibati protokollar isə yalnız foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə avtomatik aşkar edilən xətalara münasibətdə tətbiq edilə bilər. Halbuki, Ələkbərova Aytən fiziki olaraq DYP əməkdaşı tərəfindən saxlanılmış, lakin nə Protokol yerində tərtib edilmiş, nə də hər hansı texniki sübut təqdim edilmişdir. Bu hallar onun müdafiə hüququnun, eləcə də inzibati xəta haqqında işin obyektiv və ədalətli araşdırılması hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ələkbərova Aytən bu əsaslarla 30 iyun 2025-ci il tarixli İXP7238505 nömrəli inzibati protokol əsasında qəbul edilmiş 11 iyul 2025-ci il tarixli TP7365701 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 3(005)2736/2025 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilmişdir. Məhkəmə müəyyən etmişdir ki, inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən qəbul edilmiş, mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Buna baxmayaraq, Bakı şəhər X6 İdarəsi məhkəmə qərarından sonra Ələkbərova Aytənlə əlaqə saxlamadan, onun iştirakı təmin edilmədən və məhkəmənin iradlarına məhəl qoymadan eyni inzibati protokol üzrə 20 sentyabr 2025-ci il tarixli TP7520217 nömrəli yeni inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və bu qərar barədə ona rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında X3 verdiyi şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin polis leytenantı Nihad Əzimli tərəfindən qəbul edilmiş 20 sentyabr 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis leytenantı Nihad Əzimli tərəfindən qəbul edilmiş 20 sentyabr 2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən X3 xx.xx.2025-ci il tarixdə “JEEP COMPASS LİMİTED” minik markalı, 90LT221 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idadə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur və nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-2736/2025 saylı qərarından aydın olur ki, X3 barəsində İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7365701 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində inzibati orqan heç bir araşdırma aparmadan X3 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 3(005)-2736/2025 saylı saylı qərarı ilə X2 tərtib edilmiş TP seriyalı ******* saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş hansı inzibati pozuntunun törədildiyi qeyd olunmamış, sübutlar şəxsə təqdim olunmamış və konkret məlumat verilməmişdir. Nəticədə yenidən TP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarda da hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin TP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar