Məhkəmə qərarları › İş №3(005)-522/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-522/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-522/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ saat 17:55 Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov 9 ünvanında qeydiyyatda olan, ünvan 2 Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 15 fevral 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, 15 fevral 2023-cü il tarixdə saat 15:00-da A.Neymətullah küçəsi 23 ünvanında borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ezrə 70000 manat borc məbləğini ödəmək tələb olunmuş, lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlundan 70000 (yetmiş min) manat tutularaq tələbkar X3 ödənilməlidir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildirişin işə əlavə edilmədiyi müəyyən edilərək icraata qəbul edilmədən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 -ci və 24.1.2-ci maddələrinə əsasən Nəsimi rayon icra və probasiya şöbəsinə geri göndərilmişdir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə təkrarən Nəsimi rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi Nəsimi rayon icra və probasiya şöbəsinin icraatında olarkən Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba əsasən Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun Bakı şəhəri, Nərimanov rayonu, T.H.Məmmədov küçəsi, ev 9 inzibati binada qeydiyyatda olduğu aşkar edilmişdir. İcra sənədi Nəsimi rayon icra və probasiya şöbəsindən icra olunması üçün xx.xx.2020- ci il tarixdə Nərimanov rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədinin icra olunması məqsədi ilə xx.xx.2020-ci il tarixdə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna icra sənədinin icra olunması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna rəsmi şəkildə təqdim edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun yerini müəyyən etmək məqsədi ilə xx.xx.2021- ci il tarixdə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun qeydiyyatda olduğu ünvan 4 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş, lakin həmin ünvanın Nərimanov rayon polis idarəsinin inzibati binası olduğundan borclunun göstərilən ünvanda yaşamadığı müəyyən olunmuş, bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu sms bildiriş və mobil telefon vasitəsi ilə dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməkdən imtina etmişdir. Bu səbəbdən icra məmuru tərəfindən borclu Aslanov Kərim Mahmud oğlunun axtarılması haqqında xx.xx.2021-ci il tarixdə qərar qəbul olunaraq, icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində xx.xx.2021-cu il tarixdə 61023/21 saylı axtarış işi açılmışdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün xx.xx.2021-ci il tarixli təqdimatla Nərimanov rayon məhkəməsinə müraciət olunmuşdur. Nərimanov rayon məhkəməsinin 8(005)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra edilənədək borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmış və qərardad icra olunması üçün şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilməsi üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı Nərimanov rayon polis idarəsi 18-ci polis bölməsinin əməkdaşları tərəfindən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu icra hərəkətləri aparılması üçün xx.xx.2021-ci il tarixdə şöbəyə təhvil verilmiş, həmin tarixdə icra sənədinin icrası ilə bağlı ondan izahat alınmış borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş və ödənilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar edilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində xx.xx.2021-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)-1525/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)-1525/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 500 (beş yüz) manat cərimə məbləğinin borclu tərəfindən tam ödənilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə aidiyyəti istintaq orqanına təqdimatla müraciət edilməsi haqqında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları təqdim edilmişdir. İcra sənədinin icra olunması məqsədi ilə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun icra sənədinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə şöbədə olmuş, ondan izahat alınmış borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş, tələb ödənilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar edilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etmir. İcra sənədi üzrə tələbkar X2 etibarnamə üzrə nümayəndəsi xx.xx.2021-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək indiyədək borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun borcundan heç bir ödəniş etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. İcra sənədi üzrə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun faktiki olaraq yaşadığı ünvan 6 ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasına dair təqdimat və materiallar xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun işsizliklə bağlı müraciətinin olub-olmaması ilə bağlı Bakı şəhər Regional Məşğulluq filialına xx.xx.2023-cü il tarixli sorğu göndərilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu icra hərəkətləri aparılması üçün xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil olmuş, həmin tarixdə icra sənədinin icrası ilə bağlı ondan izahat alınmışdır. İcra sənədinin icra olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna icra sənədinin icra olunması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna rəsmi şəkildə təqdim edilmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 protokolda göstərilənlərə uyğun izahat verərək, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu özünü Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, borclu olduğunu etiraf edir, lakin borcun məbləği ilə razı deyildir. Belə ki, onun borclu olduğu məbləğ reallıqda məhkəmə qətnaməsində təstiqini tapan məbləğdən, yəni 70000 manatdan daha azdır. Real borc icrasından isə yayınmır. Göstərilənlərə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Aslanov Kərim Mahmud oğlundan 70.000 (yetmiş min) manatın tutularaq idiaçı X3 ödənilməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Aslanov Kərim Mahmud oğluna icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-708/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqəsdilə borclu Aslanov Kərim Mahmud oğluna məxsus “İnfiniti” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. “Borclunun axtarılması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Aslanov Kərim Mahmud oğlu barəsində axtarış elan edilməsi və saxlanılaraq (şəxsiyyətini təstiq edən sənədi ilə) Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədilə borclu Aslanov Kərim Mahmud oğlunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 3(005)-1525/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Aslanov Kərim Mahmud oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1018/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh Aslanov Kərim Mahmud oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(103)-8697/2019 saylı qətnaməsinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun hərəkətlərini icra sənədinin icrasına mane olma və icra sənədinin icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 fevral 2022-ci il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar