Məhkəmə qərarları › İş №3(005)-525/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-525/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-525/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə polis əməkdaşı X5 tərəfindən saxlanılaraq tibbi maskanı düzgün taxmadığına görə İXM-nin 211.2-ci maddəsinə əsaslanaraq 100 AZN miqdarında cərimə edilmişdir. Sahə rəisi əməkdaşına dəfələrlə maskanın burnundan yuxarıda olduğunu bildirsə də polis əməkdaşı onu cərimə etmişdir. xx.xx.2021-ci il tarixdə saat 19:38 radələrində Nərimanov Rayon İcra Şöbəsi və “Al market” arasında olan müşahidə kameralarında əks olunduğu kimi o, maskanı düzgün oturuşu üçün əli ilə düzəltmişdir. Hava qaranlıq olduğu üçün polis əməkdaşı yanlış anlamışdır. Hal-hazırda maddi vəziyyətinin yaxşı olmamasını, ərizə yazıldığı tarixdə işləməməyini və eyni tarixdən bəri işsiz olmağını, eyni zamanda polis əməkdaşının hava qaranlıq olduğu üçün yanlış anlaması səbəbindən və səbəbsiz cərimə yazdığına görə barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli İİnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 xüsusi karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar