Məhkəmə qərarları › İş №3(005)-525/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-525/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-525/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, tələbkarların nümayəndəsi və vəkili Vəkil və X1 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Nərimanov Rayon İcra şöbəsinin Nərimanov Rayon Məhkəməsinin e-16(005)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə öhdəliyi təmin olunmamışdır. Göstərilənlərə əsasən, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3736/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin № 3(103)-164/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayətin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-3736/2023 nömrəli qərarının ləğv edilməsi və işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə yeni baxışa qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Vəkil və X3 ayrı-ayrılıqda çıxış edərək bildirmişlər ki, "xxxx" MMC ilə hüquqlarını müdafiə etdiyi şəxs arasında hazırda məhkəmə mübahisəsi mövcuddur. Bununla əlaqədar olaraq mübahisəli mənzillərdə hər hansı tikinti işlərinin aparılması məhkəmə qərarı ilə qadağa edilmişdir. Buna baxmayaraq həmin mənzillərdə təmir işləri aparılmaqdadır. Həmin mənzillər "xxxx" MMC tərəfindən tikilmiş binalarda yerləşdiyi üçün, həmin MMC-nin rəhbərliyinin razılığı olmadan həmin ünvanlarda hər hansı tikinti işlərinin aparılması mümkün deyildir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsi borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilmir. Bu səbəbdən Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-200/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə 100 kv.metr olmaqa, toplam 200 kv.metr olan qeyri-yaşayış sahələrində, Bakı səhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 106 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarəti 131 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi.162 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 140 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi 1-ci və 2-ci mərtəbəsi, hər mərtəbədəki 103,4 kv.metr ölmaqla, toplam 206,8 kv.met olan qeyri-yaşayış sahələrində, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbə, yaşayış evinin 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan izolə olunmuş, 4 otaqdan ibarət 13 nömrəli mənzilində, həmin evin 1-ci girişi, 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı 16 nömrəli mənzillərində, Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsmdə inşa olunan, 6 girişli 16 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 212 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 228 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 139 kv.metr olan, izolə olunmuş, 3 otaqdan ibarət 162 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, izolə olunmuş, ümumi sahəsi 162 kv.metr olan, 3 otaqlı 168 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, izolə olunmuş, 3 otaqdan ibarət 78 nömrəli mənzilində Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi,» yaşayışın 3-cü mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı 7 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımov küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 15 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 263 nömrəli mənzilində Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsində, ümumi sahəsi 313 kvm-olan 5 otaqlı 15 nömrəli mənzilində Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində inşa olunan 16 mərtəbəli yaşayış binasının D girişi yaşayışın 15-ci mərtəbəsi ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı 239 nömrəli həmin binanın C girişi yaşayışın 14-cü mərtəbəsində ümumi shəsi 162 kv.m olan 3 otaqlı 180 nömrəli və Bakı şəhəri Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının C girişi yaşayışın 14-cü mərtəbəsi ümumi sahəsi 106 kv.m olan 2n otaqlı 179 nömrəli həmin binanın B girişi yaşayışın 14-cü mərtəbəsi ümumi sahəsi 161.7 kv.m olan, 3 otaqlı 126 nömrəli mənzillərdə hər hansı bir tikinti söküntü, təmir, yenidən qurma işlərinin aparılmasının və istifadə edilməsi cavabdeh "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin e-16(005)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023 saylı aktdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 16(005)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədində qeyd edilən mənzillərin hər hansı bir söküntü, təmir, yenidən qurma işlərinin aparılması və istifadə edilməsi, "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilməlidir. İcra sənədinin icrası ilə bağlı olaraq həmin mənzillərə baxış keçirilərkən qoyulmuş qadağanın, yəni qapıların çıxarılıb tullanılması icra məmurları tərəfindən müəyyən edilmiş və video çəkiliş ilə lentə alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar