Məhkəmə qərarları › İş №3(005)-526/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-526/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-526/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X9 vəkili Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, Şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X9 X19 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi (rəis X22) inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 27 noyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini göstərərək "xxxx" Mənzil Tikinti Kooperativinin icraçı direktoru X11 4000 (dörd min) manat cərimə etmişdir. İlk olaraq onu bildirir ki, MN № ******* nömrəli 27 noyabr 2023-cü il tarixli qərar bizə təqdim olunmamışdır. Sözügedən qərar barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən ona bildirilmiş və qərarın surətini xx.xx.2024-cü il tarixdə icra məmurundan götürmüşlər. MN № ******* nömrəli 27 noyabr 2023-cü il tarixli qərarla razı deyillər, qərar əsassız olduğundan ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərarda göstərilir ki, guya vətəndaşlar X10 və X5 "xxxx" Mənzil Tikinti Kooperativinin icraçı direktoru X18 tərəfindən xx.xx.2023-cü il tarixdən cari tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Məhkəmənin diqqətinə çatdırır ki, qanunsuz olaraq eyni məsələ üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 3(005)-3457/2023 saylı qərarına əsasən "xxxx" MTK-nın Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək və barəsində 20000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edir ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi məhkəməyə cəlb olunmamış və inzibati xəta haqqında iş üzrə məhkəmə icraatında iştirakı təmin olunmamışdır. İnzibati xəta haqqında protokol qanunsuz olaraq onunla əsaslandırılmışdır ki, vətəndaş X10 və X1 MTK tərəfindən xx.xx.2023-cü il tarixdən cari tarixədək əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)- 3457/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından "xxxx" MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş № 3( 103)-242/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə aşağıdakı qərar alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. "xxxx" Mənzil Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 3(005)- 3457/2023 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. "xxxx" Mənzil Tikinti Kooperativi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Məhkəmə təqdim olunmuş materialları və şikayətin dəlillərini araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab etmişdir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarı ləğv olunmalı və "xxxx" Mənzil Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sayadova İnayət qızının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində vermiş olduğu ifadəsinin surətindən görünür ki, şəxs uzun müddət həmin müəssisədə əmək müqaviləsi olmadan işləməsini təsdiq etmişdir. İş materiallarında olan X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində vermiş olduğu ifadəsinin surətindən görünür ki, şəxs əmək müqaviləsi olmadan "xxxx" Mənzil Tikinti Kooperativdə mühafizəçi işləmişdir. İş materiallarında olan elektron sistemdən 16 oktyabr 2023-cü il tarixdə çap olunmuş əmək müqaviləsi bildirişindən aydın olur ki, Sayadova İnayət qızı barəsində əmək müqaviləsinə xitam verilməlidir. Hal-hazırda göründüyü kimi "xxxx" Mənzil Tikinti Koperativi və icraçı direktoru Tural Hüseynov tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol tam əsassız olaraq tərtib olunmuş və bu səbəbdən bakı Apcllyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. 27 noyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə səbəb kimi göstərilmiş hal mövcut olmamışdır. Belə ki, X10 və X7 qanunsuz olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməməsi Bakı Apellyasiya Məhkəməsinin iş № 3(103)-242/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə tam sübuta yetirilmişdir. Belə olan halda MN № ******* nömrəli 27 noyabr 2023-cü il tarixli qərar əsasız və qanunsuz olduğundan ləğv olunmalı inzibati işin icraatına xitam verilmə barədə qərar çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X9 vəkili X13 məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəməyə zəruri sənədləri təqdim edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 3(005)- 3457/2023 saylı qərarından görünür ki, "xxxx" MTK Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-242/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında görünür ki, "xxxx" MTK-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 3(005)-3457/2023 saylı qərarı apelyasiya şikayətinə münasibətdə ləğv edilmiş "xxxx" MTK barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X4 və X2 "xxxx" MTK-nin icraçı direktoru Tural Hüseynov tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməmişlər. Onların qanunsuz olaraq əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməmələri faktı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-242/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X9 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar