Məhkəmə qərarları › İş №3(005)-537/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-537/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-537/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 19173533 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X1 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 19173533 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə onun mobil telefonuna “SMS radar” vasitəsiylə xx.xx.2024-cü il idarə etdiyi Volkswaqen markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə Nərimanov rayonu, Z.Bünyadov pr-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində (Dayanmaq, durmaq qadağandır) nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə həmin hadisə yerinə idarə etdiyi Volkswaqen markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə gəlmiş və bir daha müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi Volkswaqen markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə Nərimanov rayonu, Z.Bünyadov pr-də danyandığı yer, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində (Dayanmaq, durmaq qadağandır) nəzərdə tutulmuş əraziyə aid deyildir. Çünki həmin ərazidə işarə (znak) yoxdur. Buna görə də xx.xx.2024-cü il tarixli, EQ 19173533 saylı elektron Qərardan şikayət vermək qərarına gəlmiş və buna görə, BŞDYPİnə gəlib həmin Qərardan çıxarışı götürmüşdür. Bir daha izah edərək bildirir ki, ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi Volkswaqen markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə Nərimanov rayonu, Z.Bünyadov pr-də hərəkət edərkən, onun mobil telefonuna zəng gəlmiş və o, avtomobildə hərəkət zamanı telefondan istifadə etməmək məqsədiylə, idarə etdiyi avtomobili yolun sag tərəfinə çəkmiş, “Durmaq, dayanmaq qadağandır” işarəsinin olmadığını nəzərə alıb, dayanmış və təqribən 3 dəqiqə mobil telefonda danışıb, hərəkətini davam etdirmişdir. Qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində (Dayanmaq, durmaq qadağandır) nəzərdə tutulmuş inzibati xətanın tərəfindən törədilmədiyi üçün, xx.xx.2024-cü il tarixli, EQ 19173533 saylı elektron Qərarın ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19173533 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, vətəndaş X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı sübut mövcud deyil. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X2 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki, X2 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X2 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas (ümumiyyətlə inzibati xətanın törədilməsi ehtimal olunan həmin ərazinin dayanmanın qadağan edildiyi yer olması) göstərilmədən X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X1 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 19173533 saylı elektron qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də X1 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19173533 saylı elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19173533 saylı elektron qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar