Məhkəmə qərarları › İş №3(005)-54/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-54/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-54/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəxs MMC-nin barəsində tərtib etdiyi 19 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş material məhkəməyə daxil olmuşdur. 19 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 izahatında göstərdi ki, müəssisədə tibbi cəhətdən bəzi çatışmazlıqlar olsa da müəssisə lisenziyadan kənar hər hansı fəaliyyətlə məşğul olmamışdır. Belə ki, X5 Şəxs MMC-də tibb bacısı vəzifəsində əlavə işçi kimi işləmişdir. Onun əsas iş yeri Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-dir. O, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in Uşaq Travmatologiya və Ortopediya şöbəsinin tibb bacısı vəzifəsində işləyir. Bu səbəbdən də həmin iş yerindən sertifikasiyaya cəlb edilməsi gözlənilmişdir. X5 yarımştat işlədiyi üçün tərəflərindən sertifikasiyaya göndərilməsi mümkün olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2023-cü il tarixli, KY232062484 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən müəssisəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə planlı (növbəti) yoxlamanın keçirilməsi göstərilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 1401 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən müəssisədə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarının və MMC-nin qanuni təmsilçilərinin iştirakları ilə tərtib olunmuş xx.xx.2023-cü tarixli, 853 saylı özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, yoxlama zamanı ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olma faktı aşkar edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 əlavə iş yeri olaraq Şəxs MMC-də əmək müqaviləsi üzrə tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmuş, yəni xx.xx.2022-xx.xx.2023-cü il tarixlərini əhatə etmişdir. Bakı Baş Səhiyyə İdarəsi 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən tərtib edilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, X5 xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində işdən azad edilmişdir. İşə başlamalı olduğu vaxt kimi xx.xx.2023-cü il tarixi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixədək etibarlılıq müddəti olan Sertifikasiya Şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində mama ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəxs MMC-nin direktoru X4 ilə X5 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, X5 Şəxs MMC-də əlavə tibb bacısı olaraq işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X8 30 avqust 2023-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in Uşaq Travmatologiya və Ortopediya şöbəsinin tibb bacısı X3 xx.xx.2023-ci il tarixindən xx.xx.2020 - xx.xx.20221-ci iş ili və xx.xx.2021 - xx.xx.2022-ci iş ili üzrə 40 (qırx) təqvim günü olmaqla əmək məzuniyyəti verilməsi, işçinin işə başlama tarixinin xx.xx.2023-cü il hesab edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X8 30 oktyabr 2023-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in Uşaq Travmatologiya və Ortopediya şöbəsinin tibb bacısı X3 xx.xx.2023-cü il tarixindən xx.xx.2021 - xx.xx.2022-ci iş ili üzrə 9 (doqquz) təqvim günü olmaqla əmək məzuniyyəti verilməsi, 8 noyabr Zəfər günü 9 noyabr Dövlət Bayraq günü ilə əlaqədar olaraq işçinin işə başlama tarixinin xx.xx.2023-cü il hesab edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun xx.xx.2023-cü il tarixli Əmrindən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq ET Travmatologiya və X6 travmatologiya və ortopediya şöbəsinin Tibb bacısı X2 "Mamalıq işi" üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 nömrəli Bakı Baza Tibb Kollecinə göndərilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, X5 “Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in Uşaq Travmatologiya və Ortopediya şöbəsində tibb bacısı vəzifəsində çalışır. Eyni zamanda X5 əlavə iş yeri olaraq Şəxs MMC-də əmək müqaviləsi üzrə tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmuş, yəni xx.xx.2022-xx.xx.2023-cü il tarixlərini əhatə etmişdir. O, xx.xx.2018-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində mama ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün xx.xx.2023-cü il tarixədək icazə verilmişdir. “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, X5 xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində işdən azad edilmişdir. İşə başlamalı olduğu vaxt kimi xx.xx.2023-cü il tarixi qeyd olunmuşdur. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X8 30 avqust 2023-cü il tarixli əmrinə əsasən tibb bacısı X3 xx.xx.2023-ci il tarixindən 40 (qırx) təqvim günü olmaqla əmək məzuniyyəti verilmiş, işçinin işə başlama tarixi xx.xx.2023-cü il hesab edilmişdir. Həmin X8 30 oktyabr 2023-cü il tarixli əmrinə əsasən X3 xx.xx.2023-cü il tarixindən 9 (doqquz) təqvim günü olmaqla əmək məzuniyyəti verilmiş, 8 noyabr “Zəfər günü” və 9 noyabr “Dövlət Bayraq günü” ilə əlaqədar olaraq işçinin işə başlama tarixi xx.xx.2023-cü il hesab edilmişdir. Məhkəmə, qanunun tələblərini və işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Belə ki, İXM-nin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Göstərilən Qaydanın 6.1-ci bəndində açıq şəkildə göstərilir ki, sertifikasiyadan keçməyən işçinin (aydındır ki, sertifikasiyadan keçməyən işçi sertifikatının etibarlılıq müddəti artıq başa çatmış şəxsi ifadə edir) iş yeri 6 ay müddətində saxlanılır. Bu 6 aylıq müddətdə qanunvericilik işçiyə təkrarən sertifikasiyadan keçmək üçün növbəti imtahanlarda iştirak etmək imkanı verir. Yalnız bu 6 aylıq müddət bitdikdən sonra sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Hazırki işdə X3 verilmiş sertifikasiya şəhadətnaməsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədə başa çatmışdır. Həmin tarixdən etibarən o, Qaydanın məqsədləri üçün “sertifikasiyadan keçməyən işçi” hesab edilmişdir. Sertifikasiyadan keçməyən işçinin iş yerinin isə 6 ay müddətinə saxlanılması işəgötürənin İXM-nin 215.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas deyil. Həmin maddə üzrə şəxsin məsuliyyəti yalnız sertifikasiyadan keçməyən işçinin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə yarana bilər. Daha dəqiq desək, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın X2 iş yerinin saxlanılması faktını (yəni, onun adının iş üzrə ştat cədvəlində olması, ona əmək haqqı ödənilməsi və s.) müəyyən etməsi inzibati məsuliyyətin yaranması üçün kifayət deyil. Səlahiyyətli orqan həmin şəxsin konkret olaraq protokolda göstərilən tarixdə və vaxtda yerində praktiki tibb faəliyyətinə cəlb edilməsini, yəni şəxsin həmin tarixdə və vaxtda, həmin müəssisədə öz əmək funksiyasını icra etdiyini sübuta yetirməlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarlar). Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Hazırki vəziyyətdə, iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlar C.Babayevanın Şəxs MMC-də xx.xx.2023-cü il tarixdə saat 11:30-da praktik tibb fəaliyyəti ilə məşğul olduğunu deyil, yalnız onun həmin MMC-də iş yerinin saxlanıldığını sübut edir. İnzibati məsuliyyət isə sertifikasiyadan keçməyən işçinin iş yerinin saxlanılmasına görə deyil, onun yerində praktiki olaraq öz əmək funksiyalarını icra etməsinə görə yaranır. Buna görə də hazırki halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar C.Babayevanın Şəxs MMC-də xx.xx.2023-cü il tarixdə saat 11:30-da praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması faktını təsdiq etmir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-də sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olma faktı aşkar edilmədiyindən onun İXM-in 215.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə tərtib edilmiş 19 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar