Məhkəmə qərarları › İş №3(005)-5439/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5439/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5439/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X2 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddəsi ilə Nərimanov rayon X4 Şöbəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, İXP ******* saylı, xx.xx.2025 ci-il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 333.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay sürücülük hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh nəzərdə tutulur. Ona bu inzibati xəta haqqında qərar əsassız şəkildə, qeyri-qanuni tətbiq edilmişdir. Polis əməkdaşının onu yoxlama aparatı ilə yoxladığı deyilsə də, heç bir analiz nəticəsi təqdim edilmədi, rəsmi sənəd və ya cihazdan çıxış verilmədi. Nəriman adlı polis əməkdaşı mənə "200 manat ver səni buraxım" deyə təklif etdi, o isə cavabında narkoloji müəssisəyə getməyi tələb etsə də, yalnız şifahi şəkildə "içkili" olduğunu bildirərək avtomobilini Nərimanov rayon polis idarəsinə apardı. Onu otağa dəvət edib orda olan polis kapitanı Sənan adlı şəxs ondan 600 manat pul tələb etdi. O təklifi qəbul etməyib və onun barəsində çıxardıqları qərarın əsassız olduğunu bildirib, analiz vermək üçün Narkoloji Dispanserə gedəcəyimi bildirib otağı tərk etmişdir. Qərarla razılaşmadığı üçün hadisədən təxminən bir saat sonra öz təşəbbüsü ilə Narkoloji Dispanserə müraciət edib tibbi analiz vermişdir. Nəticədə, nəfəsində alkoqol miqdarı 0.00 promil göstərilmişdir. Buradan aydın oldu ki, o hadisə zamanı ayıq vəziyyətdə olmuş və barəsində verilən qərar əsassızdır. Ona həmin vaxt protokol yazılmadı, polis kapitanı Sənan adlı şəxs həmən gün axşam saatlarında ona zəng edərək onu idarədə gözlədiyini və idarəyə dəvət edərək bu məsələni həll edə biləcəklərini dedi, o şikayət edəcəyini bildirdiyi təqdirdə 10 dəqiqə sonra axşam saatlarında protokolla bağlı mesaj gəldi (hadisədən 6-7 saat sonra). Ona protokol qərarsız yazıldığı üçün sabah idarəyə gedərək onlardan protokolu qərarlı yazmağı xahiş etsədə onlar protokolu qərarsız saxlamışlar.Nəqliyyat vasitəsini isə Nərimanov rayon polis idarəsinin qabağında sağlamına baxmayaraq onun xəbəri və iştirakı olmadan cərimə meydançasına özbaşına aparmışlar. Qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsini müdafiə edərək içkili olmadığını bildirmiş, barəsində tərtib olunmuş protokolun əsassız olduğunu nəzərə alaraq ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə xx.xx.2025-ci il tarixli 2/69756 saylı protokoldan görünür ki, hadisə günü İsmayılov İsmixan ayıq vəziyyətdə olmuşdur. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən işin substantiv tərəfini lazımi səviyyədə araşdırmamış, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutları toplayıb qiymətləndirmədən qərar qəbul etmişdir. Bu isə şəxsin hüquqlarının pozulması ilə müşayiət olunan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa, sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılmış tibbi müayinə barədə xx.xx.2025-ci il tarixli 2/69756 saylı protokoldan aydın olur ki, həmin tarixdə İsmayılov İsmixan ayıq vəziyyətdə olmuşdur. Bu fakt inzibati xətanın törədilmədiyini göstərir və inzibati tənbeh qərarının əsassız olduğunu sübut edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Nərimanov rayon X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul etdiyi xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar