Məhkəmə qərarları › İş №3(005)-5495/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5495/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5495/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, X1İ, Şikayət vermiş şəxs X3 iştirakı ilə X3 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətdə bildirmişdir ki, Nərimanov rayon hərbi komissarlığı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən X4 barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Cərimənin tətbiq edilməsinə səbəb kimi onun tibbi yoxlanış üçün tibb məntəqəsinə vaxtında yaxınlaşmaması göstərilmişdir. Lakin qeyd edilməlidir ki, barəsində inzibati tənbeh tətbiq edilən şəxsə bu hal ilə bağlı əvvəlcədən hər hansı xəbərdarlıq edilməmişdir. O, xx.xx.2025-ci il tarixində öz təşəbbüsü ilə Nərimanov rayon hərbi komissarlığına yaxınlaşdığı zaman barəsində cərimə tətbiq edildiyini öyrənmiş, həmin tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokolu imzalamışdır. Sonradan isə İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə dair Qeyd 1 ilə tanış olmuşdur. Həmin qeyddə açıq şəkildə göstərilir ki, inzibati xətanı törətmiş şəxs barəsində məhkəmə qərarı qəbul edilənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Bu əsasla, xx.xx.2025-ci il tarixində təkrarən hərbi komissarlığa müraciət edilmiş, lakin inzibati xəta haqqında protokolun ləğv edilməsindən imtina olunmuş və məhkəməyə şikayət edilməsi tövsiyə edilmişdir. Halbuki, barəsində məhkəmə qərarı olmadan, öz iradəsi ilə xx.xx.2025-ci il tarixində hərbi komissarlığa müraciət etmiş və ona təkrar göndəriş verilmişdir. Həmin göndəriş əsasında xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində tibbi müayinədən keçmişdir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin Qeyd 1-də nəzərdə tutulan hallar mövcud olduğundan, 300 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi üçün hüquqi əsaslar olmamışdır. Bu səbəbdən MN ******* nömrəli protokol qərarından şikayət edilir. Qeyd olunmalıdır ki, protokol qərarı xx.xx.2025ci il tarixində şəxsən hərbi komissarlığa yaxınlaşmaqla əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından görünür ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 606.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 606.3-cü maddəsinə əsasən, Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. (Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur.) 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərkən inzibati icraatın aparılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş əsas tələblər gözlənilməmiş və şəxsə qarşı hüquqları pozulmuşdur. Belə ki, tibbi yoxlanış məqsədilə şəxsə əvvəlcədən xəbərdarlıq edilibedilmədiyi barədə hər hansı fakt və sübut iş materiallarında öz əksini tapmamış, bununla bağlı tələb olunan məlumatın işə əlavə olunmaması, qərarın qəbul edilməsi prosesinin şəffaflığını və qanuniliyini şübhə altına salır. Bundan başqa, qərarda şəxsin adında səhvə yol verilməsi faktı da mövcuddur. Şəxsiyyətin düzgün identifikasiyası inzibati sənədlərin hüquqi qüvvəyə malik olması üçün əsas şərtdir. Adın səhv göstərilməsi isə həm inzibati xətanın sübut bazasının etibarlılığına, həm də qərarın ünvanlandığı şəxsin düzgün müəyyən edilməsinə mənfi təsir göstərir. Bu kimi formal və prosessual pozuntuların olması inzibati tənbeh qərarının qanuni əsaslara malik olmadığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X3 İXM-in 606.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X3 barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə cərimə olunmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar