Məhkəmə qərarları › İş №3(005)-5499/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5499/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5499/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Laçın rayonunda anadan olan, "xxxx" QSC-də işləyən, Bakı şəhəri Qaradağ rayonu Qubu Park1 yaşayış massivi bina 08, mınzil 26da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 198.2-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 23 dekabr 2025-ci il tarixli qərarı toplanmış materiallarla birgə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidə göndərmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 23 dekabr 2025-ci il tarixli qərarda göstərilmişdir ki, vəzifəli şəxs Şəxs - çəkisi 26 kiloqram olan yükün təhlükəsiz yerdəyişməsi üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsinin təmin edilməməsinə görə vəzifə təlimatının «Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları, ümumi təhlükəsizlik tələbləri» 12.3.020-80 DÜST-ün 3.3.2 bəndinin tələbləri pozmaqla xx.xx.2025-ci il tarixdə X5 ünvan 1 ünvanda yerləşən "xxxx" QSC-in Birləşmiş Emalatxanalar Xidmətinin mexaniki sahəsində çəkisi 26 kiloqram olan metal lövhəni götürərkən həmin metal qəfildən əlindən sürüşərək sağ qıçına düşməklə dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hadisədə onun günahı yoxdur. Məhkəmədən barəsində daha materiala xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında icraatın başlanmasına dair qərarı qəbul etmiş orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə qərarı qəbul etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 xx.xx.2025-ci il tarixli 957 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X1 almış olduğu xəsarətlər – sağ baldır nahiyəsinin kəsilmiş, çapılmış yarası iti və çapıcı kənara malik əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə metal lövhənin ayağına düşməsi nəticəsində əmələ gəlməsi mümkündür, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/7590/2025 nömrəli rəyindən görünür ki, çəkisi 26 kq olan yükün təhlükəsiz yerdəyişməsi üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsinin təmin olunmaması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları, ümumi təhlükəsizlik tələbləri» 12.3.020-80 DÜST-ün 3.3.2 bəndinin tələbləri pozulmuşdur. «Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları, ümumi təhlükəsizlik tələbləri» 80 DÜST-ün 3.3.2 bəndinin tələbləri "xxxx" QSC-in Birləşmiş Emalatxanalar Xidmətinin mexaniki sahəsində işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. Hadisənin işin aparılması zamanı müvafiq texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini nəzərə aldıqda, zərəçəkmişin özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Araşdırma materialına əlavə edilmiş Bakı Metropoliteni” QSC-in “struktur (bölmə və sahə) eskalatorun təmiri və digər avadanlıqların hazırlanması və quraşdırılması sahəsinin əməyin mühafizəsi üzrə cari təlimatın qeydiyyatı” jurnalından görünür ki, X3 qaynaqçı üçün xidmət rəisi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli cari təlimat “Bmetro 0073” təlimatın 13.16-cı bəndinə əsasən xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən keçirilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 27 noyabr 2025-ci il tarixli qərardan görünür ki, X2 xəsarət alması faktı ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin əməlində AR İXM-nin 198.2-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokurorluğuna məlumat verilməsi və s. qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 23 dekabr 2025-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. İXM-in 33-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar