Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5547/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 16/1-262241 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 16/1-262241 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə məhkəmənin qərarına əsasən Azərbaycan Respublikası DİN-in BDYPİ-nin qərarı ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. Lakin DYPİ həmin işi araşdıraraq eyni qərarı sadəcə tarixi dəyişərək xx.xx.2025-ci il tarixdə ona təqdim etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əməl olunmamış, DYPİ tərəfindən qərarın qanunsuz tətbiqi həyata keçirilmişdir. Mövcud işə yenidən baxılmasını, DYPİ-nin qanunsuz qərarına xitam verilməsini, qanuni qərarın qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il saat 11:10 radələrində Yasamal rayonu ərazisində 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən svetoforun yaşıl işığında yolayrıcına daxil olmuş, sarı torun üzərində hərəkətini davam etdirmək istəmiş, lakin sıxlıq olduğuna görə hərəkətini davam etdirə bilməmiş, nəqliyyat vasitəsi sarı torun üzərində dayanmışdır. Bununla belə yolayrıcına digər tərəflərdən daxil olan nəqliyyat vasitələrinə heç bir maneə yaratmamışdır. Buna görə də inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-5146/2025 nömrəli qərarından görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin orqana göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin inzibati xəta haqqında iş üzrə 16/1- 262241 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X1 nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. İnzibati xəta hadisəsini əks etdirən fotoşəkillərdən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə “BYD” markalı, **-QL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, X2 tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, şəxs bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 75-ci maddəsinin İİ hissəsinə əsasən: Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar Məhkəmə qeyd edir ki, X2 xx.xx.2025-ci il tarixdə “BYD” markalı, **-QL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmuş və İXM-in 327.2-ci maddəsində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə bir il ərzində 20 və daha çox bal toplanmış və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi kifayət qədər sübuta yetirilməklə barəsində qanuni və əsaslı olaraq 16/1-262241 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 16/1-262241 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X2 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 16/1-262241 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 16/1-262241 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-5547/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5547/2025
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver