Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-555/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə günorta vaxtları işə gedərkən yolda mülki geyimli şəxslər yaxınlaşaraq icazəsinin olub-olmamasını maraqlanmışlar və şəxsiyyət vəsiqəsini tələb etmişlər. O, Vəkillər kollegiyasının üzvü olduğunu, 1 saylı ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən “Mərəndskiy və Partnyorları” Vəkil Bürosunun direktoru olduğunu bildirmişdir. Nazirlər Kabinetinin xx.xx.2020 tarixli, 488 nömrəli Qərarı ilə vəkillər xidməti vəsiqə ilə məhdudiyyətsiz ölkə ərazisi üzrə hərəkət edə bilərlər. Polis əməkdaşlarına bu barədə məlumat vermiş və xidməti (vəkil) vəsiqəsini təqdim etmişdir. Lakin polis əməkdaşları təkidlə şəxsiyyət vəsiqəsini istəmişlər və “bəlkə axtarışdasan, ya da vəkil vəsiqən saxtadır” deyə izah etmişlər. Məcbur olub şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra onun vəsiqəsini kənarda duran polis mayoruna vermişlər, o da, öz növbəsində əlində olan kağız parçasına vəsiqənin seriya və nömrəsini yazmağa başlamışdır. Sonradan öyrənmişdir ki, həmin polis mayoru Yasamal rayon Pİ-nin 28-ci PB-nin sahə inspektoru Nizami Şahverənovdur. Ona yaxınlaşaraq vəsiqəni geri istəmişdir və nəyə görə onun məlumatlarını özündə qeyd etdiyi ilə maraqlanmışdır. Bildirmişdir ki, maskası yerində, icazə tələb olunmur, heç bir qanunu pozmamışdır, vəkildir, hüquqlarını bilir, əgər hər hansı xəta törətmişdirsə protokolun və aktın ona təqdim edilməsini tələb etmişdir və etirazını ora qeyd etmək hüququ barədə məlumat vermişdir. Buna cavab olaraq polis mayoru onun xuliqanlıq etdiyini bildirmiş və indi bölməyə aparacağı ilə hədəlmişdir. Təbii ki, o, polis əməkdaşına hərəkətlərində hər hansı xuliqanlıq əməlinin tərkibinin olmaması barədə etirazını bildirmiş, dərəbəyliyə son qoyulmasını tələb etmişdir. Bundan sonra polis vəsiqəni ona qaytarmış və o, yoluna davam etmişdir. xx.xx.2021-ci il tarixdə isə ona mesaj gəlmişdir ki, 100 manat cərimələnmişdir. Elektron portala həmin Qərar yüklənməmişdir. Sadəcə ümumi cərimə məlumatlarında İXM 211.2-ci maddəsi ilə (qoruyucu vasitələrdən istifadə etməmək) qeydi olduğu üçün nəyə görə cərimə olduğunu başa düşür. Bu haqsızlığa qəti etiraz edir. O, pandemiyanın ilk günlərindən maskadan sıx istifadə edir. İşi ilə bağlı olaraq bunun məsuliyyətini tam dərk edir. Əlavə olaraq qeyd edir ki, çox istifadə üçün nəzərdə tutulmuş bahalı və gözə çarpan maskalardan istifadə edir. X4 küçəsi ilə M.A.Şərifzadə küçəsinin kəsişməsinin (3 saylı ASAN Xidmət Mərkəzinin) qarşısında baş vermişdir, həmin ərazidə 4 ədəd TŞ kameraları quraşdırılmış və məhkəmə videoyazılara baxmaqla tam əmin oluna bilər ki, o, həmin zaman maskada olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2021ci il tarixli Qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş barəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş barəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməli və Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-555/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-555/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver