Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5576/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 16:55 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi,ev 34, mənzil 24 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə “Youtube” sosial şəbəkəsində “farid mameedov” adlı hesabdan polisin ünvanına nalayiq ifadələr işlədərək təhqiramiz sözlər işlətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 388-1.1.1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru X3 çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Youtube” tətbiqində şərhlər bölməsində “farid mameedov3243” adlı hesabdan polisin ünvanına nalayiq ifadələr işlədən istifadəçinin şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilmiş, həmin şəxsin Bakı şəhərində anadan olmuş, Nərimanov rayonu, F.Xoyski küçəsi ev 34 mənzil 24-də qeydiyyatda olan, F.Yusifov küçəsi, ev 38, mənzil 22-də yaşayan xx.xx.1999-cu il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Daha sonra polis əməkdaşları həmin şəxsin yaşadığı ünvana getmiş, bu zaman Şəxs küçədə mobil telefonla danışarkən uca səslə nalayiq ifadələr işlətdiyinin şahidi olaraq, sonuncunu intizama dəvət etsələr də, ictimai qaydanı pozmağa davam etmişdir. Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq 17-ci PŞ-yə gətirilməsi təmin edilmişdir. Məhz belə şəxslərin geniş kütlədə polisə qarşı nalayiq ifadələr işlətməsi cəmiyyətdə birmənalı qarşılana bilməz. Şəxs kimi şəxslər Azərbaycan polisini təhqir etməklə hüquq-mühafizə orqanını cəmiyyətdə hörmət və nüfuzdan salmağa çalışırlar. Bu şəxsin barəsində daha ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, təxminən xx.xx.2026-cı il tarixdə “Youtube” sosial şəbəkəsində polisi təhqir edən ifadələr yazmış, sonradan həmin rəyi silmişdir. Videogörüntüyə baxandan sonra əsəbi olduğu üçün belə məzmunlu ifadələr yazmışdır. Hərəkətinin yanlış olduğunun fərqindədir. xx.xx.2025-ci il saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində həyətdə mobil telefonla danışarkən uca səslə danışdığı şəxs barəsində nalayiq ifadələr işlətmişdir. Belə ki, həmin şəxs ona olan borcunu vermədiyinə görə aralarında mübahisə yaranmışdır. Səs-küy etdiyinə görə polis əməkdaşları ona yaxınlaşmışdır. Əməllərindən peşmandır. Epilepsiya xəstəsi olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X5 izahatında bildirmişdir ki, Şəxs “Youtube” tətbiqində şərhlər bölməsində “feridmemmedov” adlı hesabdan polisin ünvanına nalayiq ifadələr işlətdiyinə görə barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsinin təmin edilməsi məqsədilə polis şöbəsinə gətirmək üçün xx.xx.2025-ci il saat 20:00 radələrində yaşadığı ünvan 2 ünvanına gedəndə küçədə görmüşdür. Həmin vaxt Şəxs mobil telefonla danışaraq uca səslə ictimai yerdə nalayiq ifadələr işlətdiyinin şahidi olmuş, sonuncunu intizama dəvət etsə də, o, küçə söyüşləri söyməyə davam etmişdir. Ona görə də digər polis əməkdaşı Ümid Qurbanlı ilə birlikdə polis şöbəsinə gətirilməsi təmin olunmuşdur. Epilepsiya xəstəsi olduğunu bildirərək əsəbi olduğundan söydüyünü bildirmişdir. Şöbədə olarkən davranışları normal olmuşdur. Məhkəmə iclasında şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 Ruslan Eldar oğlu ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnternet səhifəsindən çıxarışdan görünür ki, “Youtube” sosial şəbəkə internet informasiya ehtiyatında “MehmanHuseynovOfficial” səhifəsində paylaşılmış videonun şərh bölməsinə “farid mameedov3243” adlı səhifədən “pis polisin......” məzmununda nalayiq ifadələri Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi,ev 34, mənzil 24 ünvanında qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Şəxs yazmışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 20:30-da inzibati qaydada tutulmuşdur. Şəxs yazılı izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 388-1-ci maddəsinə əsasən 388-1.1. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, xx.xx.1999-cu il təvəllüdlü Şəxs “Youtube” sosial şəbəkə internet informasiya ehtiyatında “MehmanHuseynovOfficial” səhifəsində paylaşılmış videonun şərh bölməsinə “farid mameedov” adlı səhifə “pis polisin......” məzmununda nalayiq ifadələr qeyd etməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarını və onların valideynlərini təhqir edən, yəni yayılması qanunla qadağan edilən məlumatı informasiya ehtiyatında yerləşdirmişdir. Göründüyü kimi Şəxs polis orqanlarında müəyyən vəzifə tutan və qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçuları və onların ailə üzvləri (valideynləri) barəsində olduqca kobud və nalayiq ifadələrdən ibarət təhqiredici informasiyanı geniş istifadəçi kütləsinə malik “Youtube” sosial şəbəkə auditoriyasında yaymaqla Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanının nüfuzuna, ictimaiyyət arasında mövcud olan imic və statusuna ciddi zərər vuran, habelə polis əməkdaşları və onların ailə üzvlərinin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermişdir. Şəxs məhkəmə iclasında izahatında əsəbi olduğuna görə polisləri təhqir etdiyini bildirməklə özünə haqq qazandırmağa çalışmışdır. Məhz şəxsiyyətin şərəf və layəqətinin müdafiəsi Azərbaycan Respublikası Konstitusiyası ilə mühafizə olunaraq qeyd edilmişdir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununa əsasən polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu tərzdə təhqiri informasiya ehtiyatında yerləşdirməklə polis əməkdaşlarına qarşı saymazlıq və hörmətsizlik nümayiş etdirən, onları və ailə üzvlərini təhqir edən şəxsi təbii ki, müsbət səciyyələndirmək olmaz və onun barəsində inzibati cərimə tətbiq etməklə tənbehin qanunla müəyyən olunmuş, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunması qeyri-mümkün hesab edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, şahidlərin izahatı, iş materiallarında olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə 17-ci PŞ-yə şöbəyə aparılan zaman polis əməkdaşlarına qarşı ictimai yerdə ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.4cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin “barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Plenum yekunda qeyd etmişdir ki, belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Məhkəmə razılaşır ki, İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələri inzibati tənbehlərin yuxarı hədlərini müəyyən etmişdir. Lakin, xətaların məcmusu zamanı tətbiq ediləcək cərimə və ya digər tənbehlərin tam toplanılmalı olması ilə bağlı müddəaları nəzərdə tutmamış, İXM-in 34.4-cü maddəsi xətaların məcmusu yarandıqda təyin edilmiş az ciddi tənbehin daha ciddi tənbehlə əhatə etmək yolu ilə və ya təyin olunmuş tənbehin tamamilə və ya qismən toplamaq yolu ilə qəti tənbeh təyin edilmə qaydasını müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, inzibati xətaya mübasibətdə cinayət daha ictimai təhlükəli olmaqla şəxsə daha ağır məhrumiyyətlər yaradılmasından və ya hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Lakin Cinayət Məcəlləsinin 66-cı maddəsi cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını müəyyən etmiş, bunu az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi kimi təsbit etmişdir. Cinayət Məcəlləsində cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasının müəyyən edilməsi, lakin daha az ictimai təhlükəli – inzibati xətaya münasibətdə xətaların məcmusu üzrə tənbehin təyin edilməsi qaydasının müəyyən edilməməsi ədalətlilik və qanunçuluq prinsipi ilə uzlaşmamışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Eyni Məcəllənin 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 66-cı maddəsinin tətbiqi məsuliyyətə cəlb olunmaya, hüquqların məhdudlaşdırılmasına və vəzifələrin müəyyən edilməsinə səbəb olmadığından, əksinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini yaxşılaşdırdığından həmin maddənin tətbiqini məhkəmə mümkün görünür. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyrimüəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Beləliklə, məhkəmə qanunun analogiyasını tətbiq edib Cinayət Məcəlləsinin 66-cı maddəsinin müddəalarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halların olmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmağın mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib 4 gün müddətində, İXM-in 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilməli, Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən az ciddi tənbehi daha ciddi tənbeh ilə əhatə etmək yolu ilə inzibati həbsin müddəti qəti olaraq 8 gün həddində müəyyən edilməli, inzibati həbsin əvvəli inzibati qaydada tutulduğu 29 dekabr 2025-ci il saat 20:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib 4 gün müddətində, İXM-in 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilsin, az ciddi tənbehi daha ciddi tənbeh ilə əhatə etmək yolu ilə inzibati həbsin müddəti qəti olaraq 8 gün həddində müəyyən edilsin. İnzibati həbsin əvvəli 29 dekabr 2025-ci il saat 20:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-5576/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5576/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver