Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5581/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Gülər Paşayevanın EP ******* nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 1050 Avro məbləğində cərimə edilmişəm. Qeyd edir ki, həmin inzibati xəta hadisəsi ümumiyyətlə olmamışdır. Belə ki, inzibati qaydada tənbeh olunmağımın səbəbi bəyannamənin düzgün tərtib olunmamasıdır. Həmin bəyannamədə texniki səhv ucbatından göndərən şəxs qrafasına AUTO AN VERKAUF qeyd edilmişdir. İnzibati orqanda buna əsas gətirmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, göndərən qrafasında A.S.G N İ EDERS ACHS EN UG AUTO VER MİETANG qeyd edilməli idi. X3 Komitəsinə müraciət olunmuş və həmin səhvlərin düzəldilməsi xahiş edilmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən yeni bəyannamə verilmiş və əvvəlki səhvlər düzəldilmişdir. Qeyd edir ki, verilmiş yeni bəyannamə müqavilə üzrə və ödəniş tapşırığı üzrə bütün rekvizitləri özündə əks etdirir. Həmin bəyannamədən görünür ki, 13 dekabr 2022-ci il tarixli ödəniş taprışığına əsasən köçürülmüş 10500 Avro məbləğində pulun qarşılığında alınan mal ölkəyə daxil olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, inzibati xəta hadisəsi mövcud deyil. Məhkəmədən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 çıxış edərək bildirmişdir ki, məhkəməyə müvafiq gömrük bəyannaməsini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Bildirmişdir ki, **********9099 nömrəli gömrük bəyannaməsi ilə onun tərəfindən 13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin qarşılığı olan mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə qərarından şikayət verilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, X1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tənbeh tədbirinin tətbiq olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 1050 avro məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Təqdim olunmuş **********9099 nömrəli gömrük bəyannaməsindən görünür ki, X2 tərəfindən 13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin qarşılığı olan mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X2 tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 tərəfindən 13450.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş vəsaitin hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-5581/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5581/2025
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver