Məhkəmə qərarları › İş №3(005)-5582/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-5582/2025

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-5582/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatı başlamış Bakı şəhəri Yasamal rayon prokurorluğunun nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Şahid3 və nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları və dəlilləri: Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən Şəxs barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxsi təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - direktor Şahid3 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2025-ci ilin noyabr ayının 8-dən 14-nə kimi Şahid1 sorğu işlərinin görülməsinə cəlb edilmiş, bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon prokurorluğunun nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Şahid3, Şahid1, Şahid2 Cəlal oğlunun rayon prokurorluğuna verdikləri izahatları, baxış protokolu və “Epis” məlumat sistemindən əldə edilmiş əmək müqaviləsi məlumatlarına dair baxış protokolu ilə tam təsdiq edilir. Araşdırma aparılarkən Şahid1 öz izahatında göstərmişdir ki, 2025-ci ilin noyabr ayının əvvəlində sosial şəbəkədə elan vasitəsi ilə Şəxs şirkətinə “sorğuçu” vakant işi üzrə müraciət etmiş və aparılmış bir ədəd sorğunun qiyməti 8 manat məbləğində razılaşmaqla işə qəbul olunmuşdur. Həmin şirkət ölkə ərazisində müvafiq sorğuların həyata keçirilməsi, məlumatların təhlili və sair kimi işlərlə məşğul olmuşdur. Təxminən noyabr ayının 8-dən 14-nə kimi şirkətin işçisi Aysel adlı əməkdaş tərəfindən verilən təlimatlar və göstərişlər əsasında şəhərin müxtəlif ərazilərində vətəndaşlardan müvafiq sorğular aparmışdır. Göründüyü kimi Şahid1 məhz şirkətin fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb edilmiş, şirkətə aid layihə üzrə biznes məsləhəti verilməsi üçün zəruri olan sorğuların toplanması ilə məşğul olmuşdur. Rayon prokurorluğunda araşdırma aparılarkən Şahid1 heç bir müqavilə, o cümlədən tapşırıq müqaviləsi təqdim etməmişdir. Həmin vaxt Şahid1 21 sorğunu həyata keçirdiyi üçün şirkətdən 168 manat pul tələb edirdi. Görünür ki, hazırda həmin pul ödənilmiş, ona görə də aralarında tapşırıq müqaviləsinin olduğunu bildirir. Elə olsa belə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3 və 7.2-3.4-cü maddələrində imperativ formada göstərilmişdir ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarı ilə məhz bu məsələyə münasibət bildirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materialları ilə müəyyən olunur ki, şirkət Şahid1 öz fəaliyyətindən kənar işlərin görülməsini deyil, bilavasitə fəaliyyətinin ayrılmaz tərkib hissəsi olan sorğuların toplanmasını tapşırmışdır. Bu halda şirkətlə şəxs arasında mülki-hüquqi müqavilənin bağlanması yalnız onlar arasında olan münasibəti pərdələmək məqsədi daşımışdır. Qanunla şirkətin vəzifəsi bu şəxsi işlərin görülməsinə cəlb etmədən əmək müqaviləsinin bağlanmasını təmin etmək idi ki, hüquqi şəxs bunu etməyərək İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şahid3 izahatında bildirmişdir ki, hüquqi şəxs biznes konsaltinq şirkəti kimi fəaliyyət göstərir. Əsas fəaliyyəti biznes tövsiyyələrin verilməsi, biznes sahəsində statistika və monitorinqlərin aparılması və s.-dən ibarətdir. Əhali arasında üzbəüz sorğuların aparılması isə xidmət göstərilməsi üçün müraciət edən şirkətlərin təklifi ilə həyata keçirilir. Şahid1 2025-ci ilin noyabr ayında şirkətə müraciət etmiş və sorğu işlərinin aparılması üçün hüquqi şəxslə arasında tapşırıq müqaviləsi bağlanmışdır. “Nestle” şirkəti tərəfindən müvafiq sorğu keçirilməklə pişik yemlərinin bazarda payının nə qədər olması, bazarda hansı yemlərin olması və ya istifadə edilməsinin müəyyən edilməsi barədə sorğu keçirilməsinə dair müraciət daxil olmuşdur. Bu növ sorğuların keçirilməsi çətin olduğuna görə adətən çox az hallarda belə müraciətlər edilir. Belə layihələr olduqda isə sorğu aparılmaqla məlumat toplamaq üçün şəxslər dəvət edilmiş və hər bir sorğu anketinin dəyəri 8 manat olmaqla tapşırıq müqaviləsi bağlanmışdır. 2025-ci ilin noyabr ayında sorğu işlərinin görülməsi ilə bağlı bağlanmış tapşırıq müqaviləsi əsasında Şahid1 şirkətin işçisi Aysel Adilovadan sorğu barədə təlimatlar alaraq, ərazilərdə sorğu aparmış, lakin şirkətə saxta və natamam sorğular təqdim etmişdir. Belə ki, hər bir sorğu toplayan şəxs 30 sorğu təqdim etməlidir ki, ona ödəniş edilsin. Sorğu aparan şəxslər üçün konkret iş yeri, iş saatı müəyyən edilməmiş, onlar sərbəst olmuşlar. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi (vəkili) “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X4 çıxışında bildirmişdir ki, Şahid1 ilə hüquqi şəxs arasında tapşırıq müqaviləsi bağlanmış, Şahid1 müqavilə əsasında sorğu işlərini aparmışdır. Əmək qanunvericiliyinə görə mülki-hüquqi müqavilələr, o cümlədən tapşırıq müqaviləsi üzrə münasibətlər əmək münasibətləri hesab edilmir. Şahid1 hüquqi şəxslə əmək münasibətində olmaması həm də onun üçün konkret iş yeri və ya iş saatının müəyyən edilməməsi ilə təsdiq olunur. Buna baxmayaraq səlahiyyətli orqan tərəfindən bu kimi hallar nəzərə alınmamış, əsassız olaraq hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 izahatında göstərmişdir ki, 2025-ci ilin noyabr ayının əvvəllərində internet səhifələrinin birində Şəxs şirkətinə “sorğuçu” vakansiyası üzrə işçi axtarılması barədə elanı görüb, şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, “Caspian Plaza”nın inzibati binasındakı ofisinə getmiş, orada şirkətin nümayəndəsi Şahid2lə danışıqlar apardıqdan sonra hər bir sorğunun qiymətini 8 manat məbləğində razılaşmaqla işə başlamışdır. Şirkətdə ona sorğunun aparılması ilə əlaqədar təlimat da keçirilmişdir. Onunla şirkətdə tapşırıq müqaviləsi bağlanmışdır. Həmin tapşırıq müqaviləsini məhkəməyə təqdim edir. Rayon prokurorluğunda araşdırma aparılarkən ondan heç kəs tapşırıq müqaviləsini istəmədiyi üçün təqdim etməmişdir. Şirkətlə aralarında olan danışığa əsasən onun konkret olaraq iş saatı və yeri müəyyən edilməmiş, sərbəst formada sorğuların toplanmasında iştirak edə biləcəyi bildirilmişdir. Sözügedən sorğu pişik yemləri ilə bağlı olmuşdur. Təqribi 2025-ci ilin noyabr ayının 8-dən 14-nə kimi şirkətin işçisi Aysel adlı əməkdaşı ilə “Whatsapp” proqramı üzərindən danışaraq, verilən təlimatlar və göstərişlər əsasında şəhərin müxtəlif ərazilərində vətəndaşlardan 21 ədəd sorğu toplamış, lakin sorğular üzrə ona ödənilməli olan 168 manat pul verilməmiş, belə ki, şirkət ona sorğunu tamamlamadığı üçün pul vermək istəməmişdir. Razılaşmaya görə o, 30 ədəd sorğu toplamalı idi. Pulunu ala bilmək üçün hüquqi şəxs barəsində hüquq-mühafizə orqanına şikayət etmiş, şikayətindən sonra 168 manatı almışdır. Ona görə də hazırda hüquqi şəxs barəsində heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 Cəlal oğlu izahatında bildirmişdir ki, 3 ildir ki, "xxxx" MMC-də əmək müqaviləsi əsasında sahə meneceri vəzifəsində işləyir, 1200 manat əmək haqqı alır. Həmçinin fokus qrupa rəhbərlik edir. Hüquqi şəxsin əsas fəaliyyəti biznes sahəsində məsləhətlərin verilməsi, analitik hesabatların aparılması və digər işlərdən ibarətdir. Bu məsləhətlərin verilməsi üçün şirkət tərəfindən araşdırmalar aparılır, statistik məlumatlar toplanılır, müraciətə uyğun olaraq arabir əhali arasında müvafiq sorğular keçirilir. Şahid1 əvvəllər tanımamış, heç bir əlaqəsi və ya münasibəti olmamışdır. 2025-ci ilin noyabr ayında Şahid1 zənglə müraciət edib şirkətin ofisinə gəlmiş və orada ona görməli olduğu iş barədə məlumat verilib təlimat keçirilmişdir. Bundan sonra isə layihə meneceri olan şirkətin Sevda adlı işçisinə yaxınlaşmışdır. Şahid1 ilə şirkət arasında əmək müqaviləsi və ya digər hər hansı müqavilənin bağlanması barədə məlumatı yoxdur. Çünki bu kimi işlərlə məşğul olmaq onun səlahiyyətində deyildir. Sorğular şəhərin müxtəlif ərazisində konkret layihə üzrə verilmiş suallar əsasında aparılmalıdır. Sorğular adətən onlayn qaydada olsa da, arabir müraciət edən şirkətin tələbinə uyğun oaraq üzbəüz də aparılır. Sorğu aparan şəxs üçün konkret olaraq iş saatı və ya yeri müəyyən edilmir. Onlar sərbəst formada sorğunu aparıb şirkətə təqdim etməlidirlər. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, onun əvvəlki soyadı Vəliyeva olmuşdur. "xxxx" MMC-də layihə menecerinin asistantı vəzifəsində işləyir. İşi anketlərin hazırlanması, fokus qrupların aparılmasından ibarətdir. Eyni zamanda hüquqi şəxsin direktoru Şahid3 tərəfindən xx.xx.2023-cü il tarixli əmrlə şirkətdə müqavilə və sənəd dövriyyəsinin operativ və səmərəli həyata keçirilməsi məqsədilə ona direktorun adından mülki-hüquqi müqavilələrin bağlanması və imzalanması səlahiyyəti verilmişdir. Hüquqi şəxsin əsas fəaliyyəti biznes sahəsində məsləhətlərin verilməsi, analitik hesabatların aparılması və digər bu kimi işlərin görülməsindən ibarətdir. Şahid1 əvvəllər tanımamışdır. 2025-ci ilin noyabr ayında Şahid1 internet səhifələrinin birində elan görüb işlə bağlı şirkətin ofisinə gəlmiş, əvvəlcə Şahid2 orada onu qəbul edib görməli olduğu iş barədə məlumat vermiş və Orxana təlimat keçirilmişdir. Bundan sonra Orxan onun tərəfindən qəbul edilərək aralarında xx.xx.2025-ci il tarixli tapşırıq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Orxan şəhərin müxtəlif ərazisində sorğular aparmalı, 30 sorğunu tamamladıqdan sonra şirkətə təhvil verməli, hər biri 8 manatdan olmaqla ödəniş edilməli idi. Lakin Orxan bir neçə gün sonra sorğuları keyfiyyətsiz və natamam aparmaqla 21 sorğu üzrə ödənişin edilməsini tələb etmişdir. Sonradan Orxana 168 manat ödənişin edilməsi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında X6 izahatında bildirmişdir ki, "xxxx" MMC-də ofis meneceri vəzifəsində işləyir. Eyni zamanda üzbəüz sorğularında aparılmasında sorğuçulara köməklik göstərir. Şahid1 də sorğu keçirərkən yaranmış suallar və ya çətinliklərlə bağlı “Whatsapp” proqramı vasitəsilə ona müraciət etmiş, o da köməklik göstərmişdir. Şahid1 ilə şirkət arasında tapşırıq müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Şahid1 30 sorğunu tamamladıqdan sonra hər birinə görə 8 manat ödəniş əldə etməli idi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “yazışmalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 08-14 noyabr 2025-ci il tarixlərdə Şəxs MMC-nin işçisi Aysel adlı əməkdaşla “Whatsapp” tətbiqi üzərindən Bakı şəhərinin müxtəlif ərazilərində sorğuların aparılması ilə əlaqədar yazışmalar həyata keçirilmiş, həmin yazışmalarda Aysel adlı əməkdaş Şahid1 sorğuların aparılması ilə bağlı müvafiq qaydaları izah edərək tapşırıqlar, iradlar və göstərişlər verir. Şahid1 barəsində “X1 Sisteminin” elektron sorğu modulundan əmək müqaviləsi məlumatlarının çıxarılmasına dair tərtib edilmiş protokoldan görünür ki, Şahid1 Şəxs MMC ilə 2025-ci ilin noyabr ayında hər hansı əmək müqaviləsi mövcud olmamışdır. Şahid1 Bakı şəhəri Yasamal rayon prokurorluğuna ünvanlandığı xx.xx.2025-ci il tarixli müraciətin məzmunundan görünür ki, Şəxs şirkətində 4 gün müsahibəçi vəzifəsində işləmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7, mənzil 27-dir. ACT-AZ xx.xx.2025-ci il tarixli “Tapşırıq Müqaviləsi”-nin məzmunundan görünür ki, sifarişçi Şəxs MMC şirkəti tərəfindən Şahid3 şəxsində bir tərəfdən və icraçı X3 digər tərəfdən bu müqaviləni bağladılar. Müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçinin verdiyi tapşırığa əsasən ilk 30 sorğu sınaq sorğusu kimi qəbul edilir. Həmin sorğuların həqiqiliyi yoxlanıldıqdan və doğruluğu təsdiq edildikdən sonra bu Müqavilə hüquqi qüvvəyə minir. Müqavilə hüquqi qüvvəyə mindikdən sonra icraçı sifarişçi tərəfindən verilmiş tapşırıq əsasında sorğu kitabçalarının revizisiyasını, yoxlanılmasını, kodlaşdırılmasını, respondentlərin rekrutinqini, müsahibələrin keçirilməsini və sair tapşırıqları həyata keçirir, sifarişçi isə bunun qarşılığında bu müqaviləyə ediləcək əlavələrlə müəyyən olunan xidmət haqqını icraçıya ödəyir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə, tərəflərin çıxışlarını, şahidlərin izahatlarını, tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcud deyildir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İstinad edilən hüquq normaları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən: 4-1. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

5. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. 42-ci maddəsinə əsasən:

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinə əsasən:

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.

Sübutların təhlili və qiymətləndirilməsi:

Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Şahid1 tərəfindən Şəxs MMC-yə aid müəyyən işlərin yerinə yetirilməsi mübahisə edilmir. Bununla belə hüquqi şəxsin mövqeyinə görə tərəflər arasında tapşırıq müqaviləsinin mövcudluğu əmək müqaviləsinin bağlanmasını istisna etdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu arqumenti məhkəmə müdafiə xarakterli qəbul edir və bu hissədə diqqətə çatdırır ki, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin predmetini məhz hüquqi şəxsin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi təşkil edir. Əmək Məcəlləsinin 2-3 və 2-3.4-cü maddələrinin imperativ tələbinə və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Plenum Qərarında göstərdiyi hüquqi mövqeyə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda bu münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Göründüyü kimi əsas fəaliyyəti biznes tövsiyyələrinin verilməsindən ibarət olan hüquqi şəxs öz fəaliyyət sahəsinə aid işlərin görülməsi barədə fiziki şəxslə tapşırıq müqaviləsi bağlamaqla əmək münasibətlərini pərdələmək niyyəti olmuşdur ki, bu qanunla yolverilməzdir və qəbul edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəlləyə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İş materialları ilə müəyyən edilir ki, Şəxs MMC digər hüquqi şəxsin xidmət göstərilməsi barədə işgüzar təklifi əsasında sorğuların keçirilməsini təşkil etmiş və sorğular üzrə konkret nəticənin əldə edilməsində maraqlı olmuşdur. Onun sorğuların nəticəsində maraqlı olması müqavilənin məzmununda ehtiva olunmuşdur. Göründüyü kimi müvafiq müqavilə məzmun etibarilə tapşırıq müqaviləsinin qanunla müəyyən edilmiş həmin mahiyyətinə zidd formada bağlanmışdır. Müqavilədə digər ziddiyyətli məqam isə onun qüvvəyə minməsinin şərtlə müəyyən edilməsidir ki, müqavilədə onun sifarişçinin verdiyi tapşırıq üzrə sınaq sorğusu kimi qəbul edilən ilk 30 sorğuların həqiqiliyi yoxlanıldıqdan və doğruluğu təsdiq edildikdən sonra hüquqi qüvvəyə minməsi göstərilmişdir. Qanunda isə həm şifahi, həm də yazılı formada bağlanıla bilən tapşırıq müqaviləsinin vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minməsi imperativ qaydada təsbit edilmişdir. Bu kimi hallar, yəni müqavilənin qanuna uyğun olmayan şərtləri onun etibarlılığını şübhə altına alır. Nəticədə məhkəmə hesab edir ki, Şahid1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-nin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb olunduğuna görə tərəflər arasındakı münasibətlər əmək münasibətləri kimi qiymətləndirilməli və hüquqi şəxs inzibati məsuliyyət cəlb edilməlidir.

İnzibati tənbeh tətbiq edilməsi zamanı istinad olunan hüquq normaları:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48-50, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər.

Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar