Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-560/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 29.12.2020-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin TP ******* nömrəli, 29.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-560/2021 nömrəli, 18.03.2021ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 29.12.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. X4 06.04.2021-ci il tarixində elektron qaydada apelyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-560/2021 nömrəli, 18.03.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-892/2021 nömrəli, 20.04.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-560/2021 nömrəli, 18.03.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, 19.08.2020-ci il tarixdə Təbriz küçəsində ona məxsus “Hyundai Tucson” markalı avtomobili ilə geriyə hərəkət edərkən saat 15:30 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYPİ-nin polis leytenantı X1 tərəfindən barəsində TP ******* İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu onun təkidi ilə qərarsız yazmış və bir nüsxəsini ona təqdim etmişdir. Protokola Bakı şəhər DYPİ-də onun iştirakı olmadan baxılmış və 29.08.20-ci il tarixində əsaslandırma olmadan heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozmaqla 40 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. O, bununla bağlı Nizami Rayon Məhkəməsinə 28.10.2020-ci il tarixdə müraciət etmiş və onun müraciətinə 25.11.20-ci il tarixində hakim Rauf Əhmədovun iştirakı ilə baxılmış və şikayətin qismən təmin edilməsi və işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilməsi qərarı verilmişdir. Beləliklə Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi bu məsələyə 29.12.2020-ci il tarixində yenə də onun iştirakı olmadan baxmış və qərarı qüvvədə saxlamışdır. Bununla bağlı 102 Qaynar Xətt xidməti ilə əlaqə saxlamış və ona bildirmişlər ki, bununla bağlı ora getməlidir. O, 09.02.2021-ci il tarixində Bakı şəhər DYPİ-də 17-ci otaqda olmuş və onlardan bu barədə ona məlumat vermələrini istəmişdir. Ona bildirmişlər ki, guya pandemiya dövründə vətəndaş qəbulu olmadığı üçün məsələyə özləri baxmış, həmən inspektordan yazılı izahat alınmış və müşahidə kameralarına baxmadan bu qərarı qüvvədə saxlamışlar. O, onlara bunun düzgün olmadığını ona həmin izahatı və video görüntünü təqdim etmələrini istəmişdir. Lakin onlar bunu ona göstərməmək üçün müxtəlif bəhanələr gətirib başqa otaqlara yönləndirmiş, lakin heç kəs bunu ona sübut edə bilməmişdir. Daha sonra o, onlardan qüvvədə saxladıqları 29.12.20-ci il tarixli TP4111952 İXP3474812 saylı protokolu götürmüşdür. O, maşınını alqı-satqı etmək istəyir, lakin bu məsələ ona maneə olur. Qeyd etdiklərini nəzərə alaraq TP4111952 İXP3474812 saylı protokola dair Bakı şəhəri DYPİ tərəfindən çıxarılmış 29.12.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X3 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 29.12.2020-ci il tarixli qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin polis leytenantı X2 tərəfindən qəbul edilmiş TP ******* saylı, 29.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 **-OE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ TUCSON” minik markalı avtomobil ilə 19 avqust 2020-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. X4 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında 29 dekabr 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 29 dekabr 2020-ci il tarixli qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 29 dekabr 2020-ci il tarixli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-560/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-560/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver