Məhkəmə qərarları › İş №3(005)-560/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-560/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-560/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi X1 nümayəndəsi-X7 oglunun iştirakları ilə, X2 tərəfindən BNA_1232175 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 tərəfindən BNA_1232175 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan bir neçə maşını müqavilə ilə “QRAND BUS" MMC nəqliyyat şirkətinə icarəyə vermiş və həmin şirkət də öz marşurutunda idarə edilməsi üçün avtobusları sürücülərə təqdim etmişdir. O, bu yaxınlarda avtobusu texniki baxışdan keçirmək istədikdə ona avtobusun üzərində cərimə olduğuna və həmin cərimə ödənmədiyinə görə avtobus texniki baxışdan keçirilə bilinmədiyini demişlər. Bununla əlaqədar AYNA-ya rəsmi ərizə ilə həmin cərimənin ona aid olmadığını, avtobusun MMC-də icarədə olduğunu bildirərək həmin cərimənin silinməsini xahiş etmiş, AYNA-dan ona verilmiş sənədlərdən məlum olmuşdur ki, həmin avtobuslardan biri, "xxxx" markalı, 90RG383 dövlət nömrə nişanlı avtomaşını MMC-nin sürücüsü idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və lakin onun barəsində xx.xx.2021-ci il tarixli protokol tərtib edilərək cərimə edilmişdir. O bu barədə olan elektron qərardan şikayətlə Nərimanov rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə onun şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılması səbəbilə geri qaytarılmışdır. Elektron qərar 2021-ci il tarixdə qəbul edilsə də, ona bu barədə hər hansı bir məlumat verilməmiş, məktub göndərilməmiş, yanlız avtomaşını texniki baxışdan keçirmək istəyərkən ona cəriməsi olduğunu demişlər. Buna görə də avtomaşını texniki baxışdan keçirməyəcəklərini bildirmişlər, qərar ona xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, şikayətlə qanunla nəzərdə tutulmuş 10 gün müddətində, 21.01,2025-ci il tarixdə məhkəməyə şikayət vermiş, həmin qərardan məlumatı olmadığına və qərarı qəbul etmiş orqan vaxtında bu barədə ona rəsmi bildiriş və qərar təqdim etmədiyinə görə şikayət bu qədər uzun müddətdən sonra verilmiş, bu müddətin buraxılmasını üzürlü hesab edərək şikayət ərizəsinin təmin edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 nümayəndəsi X5 şikayəti müdafiə edərək BNA_1232175 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və icrasına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş AYNA-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, BNA_1232175 nömrəli, xx.xx.2021-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində AYNA-nın 06 yanvar 2025-ci il tarixli, 3-27-103/2-17/2025 nömrəli müraciətə baxılmasının nəticəsi barədə məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində mərkəzi informasiya sistemində **-RG-***, 90-RG-G44 ve **- TM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrilə 2020-2021-ci illər ərzində Bakı şəhərinin inzibati ərazisində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 346.3-cü maddəsinə əsasən barəsində BNA1232175, BNA1233251, BNA1233224 və BNA1235454 nömrəli inzibati tənbeh vermə haqqında qərarların tərtib edildiyi müəyyən edilmişdir. X4 "Yol hərəkəti haqqında" Azerbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələblərinə əməl edilməməsi inzibati xəta haqqında işə dair əlavə olunan materiallarda öz əksini tapmışdır.Həmçinin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Beləliklə, müraciətdə qeyd etdiyi məsələlər öz əksini tapmadığına görə sözügedən inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi məqsədəmüvafıq hesab olunmadığı qeyd olunmuşdur. BNA_1232175 nömrəli, xx.xx.2021-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının məzmunudan görünür ki, sürücü X4 xx.xx.2021-ci il tarixdə saat 12:25:15-də Bakı, Şəhər yolu döngə 3, 2 ünvanında "xxxx" markalı, 90RG383 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən- yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən- həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən- inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 146-cı maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti: 146.1-ci maddəsinə əsasən- Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.1-1-ci maddəsinə əsasən- İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. 146.3-cü maddəsinə əsasən bu Məcəllənin 142 - 144-cü maddələrinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası müddətinin axımı möhlət verilmə və ya dayandırılma müddəti bitənədək dayanır. 147-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması inzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. 148-ci maddəsinə əsasən - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq icra edilir. 346.3-cü maddəsinə əsasən - ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə –yüz manat məbləğində cərimə edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə əsasən- Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Belə olan halda X4 barədə BNA_1232175 nömrəli, xx.xx.2021-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində AYNA-nın xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində BNA_1232175 nömrəli, xx.xx.2021-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar