Məhkəmə qərarları › İş №3(005)-561/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-561/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-561/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X2 Bölməsinin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli 01400-0830/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 01.01.2017-01.01.2019-cu illər ərzində olan fəaliyyətinə dair Şimal Ərazi Baş Gömrük İdarəsində aparılmış audit nəticəsində müəyyən olunmuşdur ki, Rusiya Federasiyasında qeydiyyatda olan hüquqi şəxs – "xxxx" MMC və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs – Şəxs MMC-nin ünvanına müvafiq olaraq 27.11.2017-ci il tarixli, **********1527 saylı, 15.01.2018-ci il tarixli, **********8468 saylı və 23.01.2018-ci il tarixli, **********4143 saylı gömrük bəyannamələri əsasında idxal olunmuş “meşə materialı-taxta” yükləri Şimal Ərazi Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən zaman gömrük orqanına Rusiya Federasiyası mənşəli yük kimi bəyan edilmişdir. Lakin sözügedən yükləri idxal edən Şəxs MMC həmin yükləri Azərbaycan Respublikası Prezidentinin 27.07.2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş”in iştirakçısı olmayan, Şotlandiya Respublikasında qeydiyyatda olan “Regiontrade” L.P şirkəti ilə bağladığı 16.05.2017-ci il tarixli 287 və 05.09.2017-ci il tarixli 130 saylı müqavilələr əsasında idxal etdiyi üçün həmin gömrük bəyannamələri üzrə ümumilikdə 4294,85 AZN (dörd min iki yüz doxsan dörd manat səksən beş manat) məbləğində gömrük ödənişi ödəməkdən yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4294,85 manat vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3006,395 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-158/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4294,85 manat vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3006,395 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, idxal edilmiş meşə materialı-taxta yükləri Rusya Federasiyasında istehsal olunmuşdur. Qanunvericiliyin tələbinə görə müqavilənin tərəfi deyil malın mənşənə görə gömrükdən keçən mallara rüsum tətbiq edilir. Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliyin normaları hazırkı mübahisəyə düzgün tətbiq edilməyərək əsassız rüsum tələb olunmuş və onunda əsasında əsassız olaraq hüquqlarını təmsil etdiyim şəxsə inzibati tənbeh tətbiq olunmuşdur. Rusiya mənşəli mallar 27.11.2017-ci il, 15.010.2018-ci il və 23.01.2018-ci il tarixdə idxal edilmişdir. Yəni bu mallar Azərbaycan Respublikası Prezidentinin 27.07.2010-cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş”ə uyğun olmasa belə inzibati xətanın törədildiyi vaxt 1 ildən artıq vaxt keçdiyi üçün müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat versə də, məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Dövlət Gömrük Komitəsinin Sədrinin 24.10.2019-cu il tarixli 1000/1294Ş saylı əmrinin icrası ilə əlaqədar bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin 08.02.2019-cu il tarixli 1000/039 nömrəli sərəncamına əsasən Şimal Ərazi Baş Gömrük İdarəsinin 01.01.2017-ci il tarixdən 01.01.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticəsinə görə Şəxs MMC 27.11.2017-ci il tarixli **********1527, 15.01.2018-ci il **********8468 və 23.01.2018-ci il **********4143 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirdiyi 3 (üç) vaqon taxta yükü 16.05.2017-ci il tarixli 287 və 05.09.2017-ci il tarixli 130 saylı “Regiontrade” L.P (Şotlandiya) təşkilatı ilə bağlanmış müqavilələr əsasında idxal etmişdir. Yükün rəsmiləşdiriləşdirilməsi zamanı “X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 27.07.2010-cu il tarixli 1046 saylı sazişin təsdiq edilməsi barədə sərəncamının tələbləri pozulması ilə əlaqədar 4294,85 AZN gömrük borcu yaranmışdır. Cəmiyyətin hüquqi ünvanına 25.02.2020-ci il tarixli 1700-012/002-24/000724 nömrəli məktub göndərilmiş, lakin göndərilmiş məktub geri qaytarılmışdır. 15.05.2021-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsində Şəxs MMC-nin ünvanına idxal olunan yükün rəsmiləşdirilməsi zamanı MMC-nin nümayəndəsinə 25.02.2020-ci il tarixli 1700-012/002-24/000724 nömrəli məktub təqdim olunaraq, 27.11.2017-ci il tarixli **********1527, 15.01.2018-ci il **********8468 və 23.01.2018-ci il **********4143 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirdiyi 3 (üç) vaqon taxta yükünə görə MMCnin 4294.85 AZN gömrük borcunun yarandığı və həmin ödənişlərin ödənilməli olduğu bildirilmişdir. Lakin MMC tərəfindən gömrük borcunun ödənilməsi ilə bağlı bu vaxtadək Baş İdarəyə müraciət olmamışdır. 20 noyabr 2009-cu il tarixli "X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında SAZİŞ"in 2.1-ci maddəsinə görə malın mənşə ölkəsi - ərazisində malın tam istehsal olunduğu və ya bu Qaydalara müvafiq olaraq kifayət qədər emala/təkrar emala məruz qaldığı Sazişin iştirakçısı olan dövlət hesab edilir. X5 2.2-ci maddəsinin b bəndinə əsasən həmin ölkədə yetişdirilmiş və yaxud yığılmış bitki mənşəli məhsullar Sazişin iştirakçısı olan dövlətlərdə tam istehsal edilmiş mallar hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin inzibati məsuliyyətə cəlb olunma müddətinin keçməsinə dair dəlillərinə dair aşağıdakıları qeyd edir: İXM-in: 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, İXM-in 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, gömrük qaydaları əleyhinə olmaqla davam edən inzibati xətadır. Məhkəməyə göndərilmiş materiallardan isə görünür ki, Şəxs MMC-nin əməlindəki inzibati xətanın törədilməsi faktı 05 iyul 2021-c il tarixdə aşkar olunmuş və aşkara çıxarıldığı tarixdən hazırkı tarixədək 1 il müddətin keçməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4294,85 manat vəsaiti məbləğinin yetmiş faizi miqdarında, yəni 3006,395 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar