Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-566/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət verən şəxs X5 vəkili və nümayəndəsi X2, Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X14 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X5 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra “Orqan”) 02.02.2022-ci il tarixində tərtib etdiyi ******* nömrəli inzibati xəta haqqında protokola və digər materiallara baxaraq SOCAR-ın Geofizika və geologiya idarəsinin İdarə rəisi kimi onun X1 əmək müqaviləsinə xitam verilməsində qanun pozuntusuna yol verdiyini, AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini müəyyən etmiş və bununla bağlı inzibati tənbeh vermə haqqında (1500 manat cərimə) MN № ******* nömrəli 11 fevral 2022-ci il tarixli Qərar qəbul etmişdir. (Qərar 16.02.2022-ci il tarixində onun tərəfindən alınmışdır). Orqanın həmin protokol və Qərarını aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edir: Geofizika və geologiya İdarəsinin “Mədəngeofizika” istehsalat bölümünün "Neft Daşlan" mədən geofiziki ekspedisiyasının 22 saylı kompleks mədən-geofiziki dəstəsinin karotajçısı X11 davamlı olaraq 2021-ci il 16 sentyabr tarixindən 2021-ci il 06 dekabr tarixi daxil olmaqla təxminən 2 aydan çox müddətdə (2 ay 20 gün) idarəyə heç bir məlumat vermədən işə çıxmamış və üzrlü səbəbdən işə çıxmaması barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Bu halı nəzərə alan Geofizika və geologiya İdarəsi 26.11.2021-ci il tarixdə AzeriExpress poçt vasitəsi ilə onun ünvanına məktub göndərərək xəstəlik vərəqəsinin təqdim edilməsini təklif etmişdir. Lakin o, məktubu qəbul etməkdən imtina etmiş və qeyd olunan poçt xidmətinə geri qaytarmışdır. Geofizika və geologiya İdarəsi X11 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün 30.11.2021-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. Həmkarlar İttifaqı Komitəsinin 06 dekabr 2021-ci il tarixli iclasının qərarı ilə X11 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə müəyyən edilmiş əsasla ləğv edilməsinə razılıq verilmişdir. Geofizika və geologiya idarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” 08 dekabr 2021-ci il tarixli SOCAR**********00070020B01291 nömrəli əmri ilə X11 ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 08.12.2021-ci il tarixdən ləğv edilmişdir. N.Abdullayevə AR ƏM-nin 79-cu maddəsi ilə müəyyən olunmuş hüquq verən əsas sənəddən biri ailə üzvünün sağlamlıq imkanlarının məhdud olması barədə - TSEK-in məlumatı işəgötürən kimi ona 08.12.2021ci il tarixə kimi təqdim olunmamış və heç bir məlumat verməmişdir. X13 Xidmətinin Bakı şəhər İdarəsi isə təqdim olunmayan sənəd üzrə hüququn bir qayda olaraq yaranmadığına qiymət verməmişdir. N.Abdullayevlə AR ƏM-nin 83-cü maddəsinin tələblərinə əməl edilməklə son haqq-hesab aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən X6 əmək hüquqları pozulmamışdır. Göstərilənlərə əsasən tam əminliklə bildirir ki, GGİ İdarə rəisi, vəzifəli şəxs kimi onun tərəfindən Nozər Abdullayevə münasibətdə hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xəta törədilməmişdir. (İXM-in 12-ci maddəsi). “Orqan” nə inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş Qərar, nə də ki inzibati xətaya aid işin digər (mövcud olduğu halda) materialları ilə onun inzibati xəta törətdiyini sübut etməmişdir. Yəni, protokolda qeyd olunmuş “X6 əmək müqaviləsinə xitam verilməsində qanun pozuntusuna yol verilmişdir” məzmunlu ifadə və Qərarda qeyd olunmuş “X6 əmək müqaviləsinə xitam verilməsində qanun pozuntusuna yol verilmişdir” ifadələri əsas tutularaq onun barəsində qərar qəbul edilmişdir. İnzibati tənbehin verilməsi haqqında Qərarda “X1 əmək müqaviləsində qanun pozuntusuna yol verilmişdir” ifadəsi qeyd olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati cərimənin tətbiq edilməsi haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X19 izahat verərək göstərmişdir ki, araşdırma aparılarkən Nozər Abdullayevin öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının olduğu müəyyən edilmişdir. Nozər Abdullayevin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən həmin Məcəllənin 79-cu maddəsinin tələbləri nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən, verilmiş şikayətin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin 14.01.2014-cü il tarixli, 807-K nömrəli əmrindən görünür ki, X9 14.01.2014-cü il tarixdən Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika İstehsalat bölümünün Neft Daşları mədən geofiziki ekspedisiyasının 22 saylı kompleks mədən geofiziki dəstəsində “karotajçı” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” 08 dekabr 2021-ci il tarixli əmrdən görünür ki, Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika İstehsalat bölümünün Neft Daşları mədən geofiziki ekspedisiyasının 22 saylı kompleks mədən geofiziki dəstəsində karotajçısı X11 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə müəyyən edilmiş əsas ilə 08.12.2021-ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 10 yanvar 2022-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov N.Abdullayevin öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının olması barədə məlumatlandırılmış, N.Abdullayevlə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinin pozulması və N.Abdullayevin 10 gün müddətində işinə qaytarılması, əks təqdirdə barəsində İXM-in müvafiq maddəsi ilə icraat başlanacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 27 yanvar 2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov N.Abdullayevin öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının olması barədə məlumatlandırılmış və N.Abdullayevin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi barədə təkrarən xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyyası tərəfindən verilmiş müayinə sənədindən görünür ki, 09.01.2008-ci il təvəllüdlü X15 oğlu sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X6 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin (öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvü olan işçilər) tələbinin pozulduğu aşkar edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan görünür ki, X6 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 manat məbləğində şərti olaraq inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə, şikayətin təmin edilməməsinə dair mövqeyini aşağıdakılarla əsaslandırır: Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsində nəzərdə tutulan inzibati xəta “uzanan” inzibati xətadır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. İnzibati xətalar haqqında iş üzrə icraatın əsas vəzifəsi törədilmiş inzibati xətaya görə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə yanaşı, həm də törədilmiş inzibati xətanın nəticələrinin aradan qaldırılmasıdır. Bu məqsədlə də inzibati xətalar qanunvericiliyində inzibati cərimənin şərti tətbiq edilməsi institutu nəzərdə tutulmuşdur. İnzibati cərimənin şərti tətbiq edilməsi hüquqpozmanın aradan qaldırılacağı təqdirdə inzibati cərimənin ödənilməməsi imkanını nəzərdə tutur. Azərbaycan Respublikası İXM-in inzibati cərimənin şərti tətbiq edilməsini tənzimləyən 116-cı maddəsinə əsasən bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin şikayətində irəli sürdüyü dəlillər əsassızdır. Məhkəmə, şikayət vermiş şəxsin şikayətində göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, işçinin öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının olması barədə məlumatsız olması, inzibati xətanın davam etdirilməsi üçün əsas sayıla bilməz. Başqa sözlə, iş materillarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 10 yanvar 2022-ci il və 27 yanvar 2022-ci il tarixli məktublarından da göründüyü kimi, X10 vəzifəli şəxs kimi Nozər Abdullayevin öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının olması barədə məlumatlandırılmış, Nozər Abdullayevlə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinin pozulması və Nozər Abdullayevin 10 gün müddətində işinə qaytarılması, əks təqdirdə barəsində İXM-in müvafiq maddəsi ilə icraat başlanacağı barədə xəbərdar edilmişdir. Lakin, buna baxmayaraq X10 vəzifəli şəxs inzibati xəta təşkil edən hərəkətsizliyini davam etdirmişdir. Məhkəmə şikayət verən şəxs X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.6-cı maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X5 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X5 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-566/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-566/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver