Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-568/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 iştirakları ilə, X4 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin 05 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin 05 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsində xx.xx.2025-ci il tarixində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.4.-cü maddəsi ilə 200 (iki yüz manat) məbləğində cərimə edildiyini, qərarın surətini xx.xx.2025-ci il tarixində qeydiyyatda olduğu ünvanda yerləşən evin arxa tərəfində iti ilə gəzişərkən ona polis əməkdaşları yaxınlaşaraq onun cilovlu itini burundağsız olduğuna görə, İXM-in 290.1.4-ci maddəsinə əsasən cərimə edəcəyini bildirib, protokol tərtib etdiyni, lakin ona təqdim etmədiyini, tələb etdiyində isə protokolun verilmədiyini, onlayn şəkildə olduğu haqqında məlumat verildiyini qeyd etdiyini, EXP 1629482-li protokol isə sistemə yerləşdirildiyini, polis əməkdaşının üzərində kamera olduğunu və çəkiliş aparıldığını lakin belə bir qərar bundan öncədə 2021-ci il tarixində qəbul edilmiş və Nərimanov rayon Məhkəməsi tərəfindən ləğv edildiyini, yenidən ona yanlış qərarı tətbiq edən polisə belə bir qərarın mövcudluğu haqqında məlumat verib, telefonunda olan qərarın surətini onlara təqdim etdiyini, lakin polis əməkdaşlarının bunu nəzərə almadıqlarını, itinin "Labrador" adlanan cinsdən olduğunu, bu cinsdən olan itlərə burundağ taxmaq tələb olunmadığını, bu cinsdən olan itlərin dünyanın ən təhlükəsiz və aqressiyası olmayan it cinsinə aidliyini, Labrador cinsli itlər, təbiətlə ünsiyyətdən zövq almaq istəyən, ağıllı və itaətkar, şəvqətli, əsl dost, həddindən artıq ürəyi yumşaq, aqressiyası və ya kobudluğu olmayan cins olduğunu, təbiətcə xeyirxahlığını, Labradorun özünə məxsus keyfiyyətlərinə görə yoldaş, bələdçi, xilaskar kimi istifadə edilə bilən, partlayıcı maddələr və narkotik maddələr axtaran bir ov iti olmasını, əslən İngiltərə itlər cinsinə aid olan bu itin, İngiltərəlilər tərəfindən ova gedərkən yoldaş olması məqsədi ilə çıxarılan bir cins növü olduğunu, əsla insanlarla bir işi olmayan, yalnızca ov edərkən quşlara reaksiya verən özünə şikar kimi yalnız çöl quşlarını görən bir it cinsi kimi tanındığını, lakin şəhər şəraitində heç bir şəkildə zərər verə bilən it cinsi olmadığını, o, evdə it saxlamağa qərar verərkən, preoritet kimi zərərsiz it olmasını nəzərində saxlayıb seçimini "Labrador" cinsində saxladığını, yalnız iş keyfiyyətləri sayəsində deyil həm də şəhər şəraitində rahat saxlama, mükəmməl qeyri-aqressiv xarakter və digər ev heyvanları ilə yaxşı ünsiyyət qurma bacarığı sayəsində bu cins itlərə burundaq taxmağa ehtiyac olmadığını və şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 çıxış edərək şikayət ərizəsini müdafiə etdiyini qeyd etmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin 05 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli qərarının qanunsuz və əsassız olduğundan rədd edilməsi (ləğv edilməsi) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin 05 fevral 2025ci il tarixli, EPQ ******* nömrəli qərara əsasən məlum olur ki, X6 Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin 05 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli qərarı əsasında araşdırma zamanı X6 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmadığı müəyyən olunmuş, Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar düzgün olmuşdur. Belə ki, şikayətçi öz şikayətində və məhkəmə iclası zamanı verdiyi izahatında da həqiqətən də itinə buruntaq taxmadığını etiraf etmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmçinin, şikayətçi həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmiş, yalnız məsuliyyətdən yayınmaq üçün ona məxsus itə buruntaq taxılmalı olmadığını iddia etmiş və bunu itinin xarakteri ilə əlaqələndirmişdir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində bununla bağlı xüsusi qayda müəyyən edilməmişdir, həmçinin, şikayətə əlavə olunmuş itin şəkillərinə əsasən də aydın olur ki, həmin itin boyu və çəkisi kifayət qədər böyükdür və həmin itin buruntaqsız gəzdirilməsi ətrafdakı insanlar üçün (xüsusən də uşaqlar üçün) təhlükə törədir. Həmçinin, nəzərə alınmalıdır ki, qanunun bu tələbi digər vətəndaşların, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlıdır.Belə ki, son zamanlar itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız gəzdirilməsi nəticəsində digər vətəndaşların və xüsusən də uşaqların itlər tərəfindən hücuma məruz qalması və yaralanması halları artmışdır ki, bu da həmin sahədə qanunvericiliyin tələblərinə daha ciddi şəkildə riayət edilməsini zəruri edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Buna görə də, məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin 05 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli qərarı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 137-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin 05 fevral 2025-ci il tarixli, EPQ ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-568/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-568/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver