Məhkəmə qərarları › İş №3(005)-583/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-583/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-583/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı İsmayıl İsmayılzadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş 23.02.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23.02.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Ə.Əliyev küçəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı İsmayıl İsmayılzadə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 23.02.2022-ci il tarixdə saat 22:00-da inzibati ərazidə xidmət apararkən Ə. Əliyev küçəsi Madern məktəbinin yaxınlığında bir qrup şəxsin toplaşdığını görüb yaxınlaşmışlar. Nə baş verdiyini soruşmaq üçün yaxınlaşdıqda bir nəfər şəxs AP-nın qarşısına keçərək nalayiq ifadələr işlədərək “Siz kimsiz gəlmisiz?” və daha yüksək səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin vətəndaşı AP-ya əyləşdirmək istədikdə müqavimət göstərək əməkdaşa əl-qol ataraq tabesizlik göstərməyə başladı. Daha sonra onlar, vətəndaşa fiziki güc tətbiq edərək avtopatrula əyləşdirdikdə vətəndaş avtomobilin qapısını təpik və başı ilə vuraraq qapını əzib və çərçivədən çıxarmışdır. Həmin vətəndaşın spirtli içkinin qəbulu nəticəsində olması aşkar bilinirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ifadə verərək etdiyi qanunsuz əmələ görə səmimi olaraq peşman olduğunu, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini, həmçinin polis əməkdaşları onu avtopatrula əyləşdirmək istədikdə tabesizlik göstərdiyini bildirmişdir. Sonda məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis serjantı X1 izahatında göstərmişdir ki, 23.02.2022-ci il tarixdə saat 22:00-da inzibati ərazidə xidmət apararkən Ə. Əliyev küçəsi Madern məktəbinin yaxınlığında bir qrup şəxsin toplaşdığını görüb yaxınlaşmışlar. Nə baş verdiyini soruşmaq üçün yaxınlaşdıqda bir nəfər şəxs nalayiq ifadələr işlətməyə başladı. Onlar həmin vətəndaşı avtomobilə əyləşdirmək istədikdə müqavimət göstərək əməkdaşa əlqol ataraq tabesizlik göstərməyə başladı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati qaydada tutma haqqında 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 23.02.2022-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 24.02.2022-ci il tarixli 2/2845 nömrəli protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMnin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlindən səmimi peşmanlıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən kimi nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar