Məhkəmə qərarları › İş №3(005)-587/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-587/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-587/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 11 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX BŞİ-nin inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat inzibati tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. Belə ki, bu qərar AR ƏƏSMN yanında DƏMX-nin BŞİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokola və həmin tarixli MN ******* nömrəli qərardada bağlı olaraq tərtib edilmişdir. Həmin protokol və qərardad, rəhbəri olduğu "xxxx" MMC barəsində hakim tərəfindən qərar qəbul edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 3(005)-372/2025 nömrəli məhkəmə işi üzrə tərəfindən bütün sübutlar təqdim edilmiş, sözügedən keçmiş işçilər şahid olaraq məhkəmədə dindirilmiş və ilk iclasda məhkəmə işinə sədrlik edən hakim tərəfindən iş üzrə icraata xitam verilmişdir. Şikayət vermiş şəxsin vəkili X9 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məsələ araşdırılmadan səlahiyyətli orqan xətanın mövcudluğunu portal üzərindən aşkar etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 məhkəmədən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X10 bildirmişdir ki, o, "xxxx" MMCdə işləmişdir. Səhhəti ilə bağlı yaranan problemə görə Qarabağdan çıxaraq yanvar ayının 23-ü Bakıya qayıtmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 bildirmişdir ki, o, "xxxx" MMCdə işləmişdir. Xəstəliyi ilə bağlı olaraq 23 yanvar tarixində Bakıya qayıtmışdır. Lakin adı portalda qalmışdır. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə şahid qismində izahatı alınmış X11 bildirmişdir ki, o, daha əvvəl "xxxx" MMC-də işləmişdir. Əmək müqaviləsinə 24 yanvarda xitam verilmiş və xəstəliyi ilə bağlı Bakıya qayıtmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 11 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, X1 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məclləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, X10 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məclləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, X11 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məclləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən işçilərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə işə cəlb edilməsi ilə bağlı, həmçinin həmin şəxslərin hüquqi şəxslərlə olan bağlılıqlarını sübut edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, səlahiyyətli orqan inzibati araşdırma zamanı yalnız bir sübuta (X12 portaldan çıxarışı) istinad etmişdir. X12 portaldan çıxarışı olsa belə həmin şəxslərin şəxsiyyəti müəyyən edilməmiş və onların hüquqi şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilməsinə dair istiqamətdə hər hansı araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 11 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 11 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar