Məhkəmə qərarları › İş №3(005)-597/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-597/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-597/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx xxxx 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı R.Ağəliyevin 53 saylı rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomaşınlara maddi zərər dəymiş, sürücü N.Əzizov, sərnişin M.Həsənova “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: HK 1 N 33 nömrəli Raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17:50-də BDYPİ-nin NH-dən məlumat daxil olmuşdur ki, Z.Bünyadov prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsində baş vermiş YNH-si zamanı xəsarət alan olmuşdur. MK 2 N 421 nömrəli Raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:35-də 5 saylı xəstəxanadan tibb bacısı Quliyeva məlumat vermişdir ki, YNH-si zamanı 1968-ci il təvəllüdlü X4 xəsarət almışdır. xx.xx.2021-ci il tarixli, 2/501 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur - ayıqdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki,xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 17:35 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz olan “RENAULT MEGANE-minik” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Bünyadov prospektinin köməkçi yol ilə Azadlıq prospekti istiqamətindən Atatürk prospekti istiqamətində iki zolaqdan ibarət yolun sağdan birinci zolağı ilə saatda təxminən 40-50 km sürətlə hərəkətdə olarkən yerüstü keçidin altında yerləşən avtobus dayanacağına yaxınlaşanda ondan qarşıda, eyni istiqamətdə hərəkətdə olan, sonradan adının X5 olduğunu öyrəndiyi sürücü idarə etdiyi “VAZ-21099-minik” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili anidən dayandırmış və həmin vaxt o, avtomobili sola doğru manevr etmək istəyərkən idarə etdiyi avtomobilin ön sağ hissəsi “VAZ-21099-minik” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən “VAZ-21099- mink” markalı avtomobil qarşıya gedərək özündən öndə dayanmış sonradan adının X1 olduğunu öyrəndiyi, 85 saylı marşrut xətti ilə hərəkət edən “İSUZU CİTİPORT” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa hissəsinə çırpılmışdır. Nəticədə “VAZ-21099-mink” markalı avtomobilin sərnişini xəsarət almışdır. Yol ilə keçən taksi ilə həm sürücü və sərnişin xəstəxanaya getmişdir. Özü isə hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn təhqiqatçı araşdırmaya başlamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx xxxxxx 2021-ci il tarixli, 32 saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 “YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx xxxxxx 2021-ci il tarixli, 33 saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X6 “YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar