Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-6/2022 05.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, kuryer işləyən, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olmaqla, Binəqədi rayonu, K.Rəhimov küçəsi 70, 9 saylı Peşə liseyi yataqxanasında faktiki olaraq yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağaləyevin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov RPİ tərəfindən 29 noyabr 2021-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 05.09.2021-ci il tarixdə saat 19:30da Bakı şəhəri Nərimanov rayonu ərazisində idarə etdiyi PRS BLAYZER markalı nömrəsiz mopedlə K. Rəhimov küçəsi ilə Z. Bünyadov prospekti istiqamətində hərəkət edib prospektə daxil olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin İ hissəsinin tələbini pozaraq Honda minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, hadisə nəticəsində Şəxs “yüngül” dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək, 05 sentyabr 2021-ci il tarixdə, təxminən saat 19:30 radələrində özünə məxsus, “PRS BLAYZER” markalı mopedlə K.Rəhimov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətinə hərəkət edib prospektə daxil olduqdan sonra Atatürk prospekti ilə kəsişmədə inşa edilmiş körpünün üzərinə keçməli olduğuna görə sol tərəfə dönmə işığını yandırıb tədricən sol tərəfə dönməyə başlamış və bu zaman “HONDAS İNSİGHT-minik” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi mopedin sol tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra mopedlə bərabər yerə yıxılmış və bədən xəsarəti almışdır. Daha sonra atası Camal İsmayılova zəng edib hadisə barədə məlumat vermişdir. Məlumatından sonra C.İsmayılov hadisə yerinə gəlmiş və Azərbaycan Respublikası DİNnin 102 Xidməti-zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir müddət keçmiş hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başlamışlar. Hadisə nəticəsində o xəsarət almışdır. Hesab edir, hazırda zərər çəkmiş şəxs odur. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- i Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin Nərimanov rayon İ şöbəsinin 20 sentyabr 2021-ci il tarixli, № 713 saylı MTEnin rəyindən görünür ki, baş vermiş toqquşma yol-nəqliyyat hadisəsi nəticəsində Şəxs 1 YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd olunan yolnəqliyyatı hadisəsi sürücü Şəxs ehtiyatsızlığı nəticəsində əmələ gəldiyindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 338.7-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə barəsində inzibati icraat aparılan şəxsin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-6/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-6/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver