Məhkəmə qərarları › İş №3(005)-600/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-600/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-600/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə rəisi X3, zərərçəkmiş şəxs X6, müdafiəçi «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, A.Ziyadxanov küçəsi 197, ev 4, mənzil 105 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 25 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. 25 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Nərimanov rayonu, E.İsaqzadə küçəsində yerləşən yeməkxanada ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərini etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə rəisi X5 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, 2005-ci ildə Ayşən ilə ailə həyatı qurduğunu və iki azyaşlı övladları dünyaya gəlmişdir. Ailədə yaranan pis münasibətlər nəticəsində Ayşəndən ayrılmışdır Qeyd edib ki, imkanı olanda hərdən spirtli içki qəbul edir. Ayşən yeməkxanada işləyir, o onun işlədiyi yeməkxanaya 3-4 dəfə gəlmiş, çay içib, hərdən də spirtli içki qəbul edirmiş. O yenidən Ayşənlə barışmaq istəyir. Ayşən onun təkliflərini hər dəfə rədd etdikdə o, əsəbləşərək onunla pis davranırmış, xx.xx.2022-ci il tarixdə Ayşənin işlədiyi yeməkxanaya gedərək orada spirtli içki qəbul etmişdir. Ayşəni həmin yeməkxanada görəndə ona qarşı pis davranış hərəkətləri etmişdir. Etdiyi hərəkətlərə görə peşman olduğunu, gələcəkdə bir daha onu narahat etməyəcəyini bildirmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X7 çıxış edərək Şəxs əməlindən səmimi peşman olmasını bildirib, ounun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, keçmiş həyat yoldaşı onu tez-tez narahat edir və işlədiyi kafeyə tez-tez gələrək cəmiyyət içərisində açıqcasına hörmətsizlik edərək onun şərəf və ləyaqətini alçatmışdır. Belə ki, dəfələrlə iş yerində və işdən evə gedərkən müştərilər içərisində nalayiq ifadələr işlədərək döyəcəyi ilə hədələyir, onun həyat və sağlamlığına ziyan vuracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Azad yenidən onun iş yerinə gələrək spirtli içki qəbul etdiyi halda müştərilər içərisində onu yenidən öldürəcəyi ilə hədələmişdir. Sonda zərərçəkmiş şəxs X2 Azad Fizuli oğlundan şikayətçi olduğunu və həmin şəxsin barəsində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi Azər X1 tərəfindən yazılmış 24 fevral 2022-ci il tarixli ərizədən görünür ki, keçmiş həyat yoldaşı Şəxs onu dəfələrlə iş yerinə gedərək səbəbsiz yerə narahat edir, nalayiq ifadələr işlədir və onu iş yerində müştərilər içərisində təhqir edir. 24 fevral 2022-ci il tarixdə iş yerinə Azad yenidən gələrək eyni hərəkətləri ilə cəmiyyət içərisində nalayiq ifadələr işlədərək başına oyun açacağına dair hədələmişdir. Xahiş edib ki, həmin şəxs barəsində qanuni tədbir görülsün. “İnzibati qaydada tutma haqqında” 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 25 fevral 2022-ci il tarixdən saat 00:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar