Məhkəmə qərarları › İş №3(005)-609/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-609/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-609/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi İtimas Yusifli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi ilə bağlı X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi İtimas Yusifli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi ilə bağlı X4 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi İtimas Yusifli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ilə o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, o, Oğuz rayonu Bucaq kəndində qeydiyyatda olsa da, faktiki Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna mövsüm bağları massivində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə təxmini saat 11:00-12:00 radələrində o, arvadı ilə Bakı şəhəri, Nərimanov rayonu, X7, 17B ünvanda fəaliyyət göstərən “ H İ - F İ Stomatoloji Klinikası”nda olmuş və orada arvadı X1 dişlərinin müalicə etdirmişlər və saat 12:03-də həmin klinikanı tərk edərək ictimai nəqliyyatla yaşadıqları evə yollanmışlar. Müayinə və müalicə işlərinin müddətinin uzanması, yaşadıqları evin klinika ilə uzaq məsafədə olması, həmçinin klinikaya gedərkən və qayıdarkən ictimai nəqliyyatdan istifadə etdikləri üçün evdən çıxarkən aldıqları SMS icazəsinin müddəti saat 12:45-də bitmişdir. Klinikadan çıxaraq yaşadıqları evə ictimai nəqliyyatla qayıdarkən Bakı şəhəri Nərimanov RPİ-nin 17ci Polis Şöbəsinin inspektoru avtobusda reyd aparmış və SMS icazəsinin müddəti bitdiyi üçün onu və arvadı X2 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cərimələyərək barələrində İnzibati Xəta haqqında Protokol tərtib etmişdir. Bu zaman o, “ H İ - F İ Stomatoloji Klinikası”ndan müalicə müddətinin uzanması səbəbindən verilmiş “Xüsusi Karantin rejimi” ilə əlaqədar müvafiq arayışı təqdim edəndə polis əməkdaşı həmin arayışı nəzərə almamışdır. Bildirmək istəyir ki, o, bir vətəndaş kimi qanunlara və qaydalara hörmətlə yanaşmış, pandemiya dövründə heç bir halda tələbləri pozmamışdır. SMS icazəsinin müddətinin bitməsini nəzərə alaraq klinikadan müvafiq arayış əldə etmişdir. Qeyd etdiklərini nəzərə alaraq Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi İtimas Yusifli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİnin 17-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru Nicat Ələkbərov tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqında” protokoldan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu, M.Nərimanov küçəsində xüsusi karantin rejimini pozmuş və beləliklə də Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi İtimas Yusifli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə xüsusi karantin rejimini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “Hİ-Fİ STOMOTOLOJİ KLİNİKA”nın direktoru E.K.Məmmədov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 09 nömrəli arayışdan görünür ki, Natiq Həmidov həqiqətən həmin klinikada həkim qəbulunda olmuşdur. Müalicə müddəti uzun zaman aldığından SMS-lə verilən icazənin vaxtı keçmişdir. Bunu nəzərə alaraq klinika tərəfindən arayış təqdim olunub. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi İtimas Yusifli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi İtimas Yusifli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar