Məhkəmə qərarları › İş №3(005)-625/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-625/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-625/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsində göstərmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, qızının həyat yoldaşına məxsus mənzildə təmir etdiyi zaman Nərimanov RPİ, 18-ci PB-nin 7/3 saylı sahəsinin polis sahə inspektoru X4 növbəti dəfə həmin mənzilə gəlmiş, bir daha ev sahibi ilə görüşmək istədiyini bildirmişdir. Mənzilə 25 gün öncə gələn, mənzil sahibinin mənzildə olmadığına görə bu gün də istədiyi görüşün baş tutmayacağını anlayaraq, xəlvət şəkildə törətmədiyi inzibati xətaya görə daha öncə onu məsuliyyətə cəlb edən, buna baxmayaraq ürəyi soyumayan sahə inspektoru bu gün də heç bir xəbərdarlıq etmədən DİN elektron sistemi vasitəsi ilə ad-soyadını bildiyi üçün iştirakı və xəbəri olmadan barəsində törətmədiyi qayda pozuntusuna görə onu yenidən xx.xx.2024 tarixli EXP ******* saylı protokol tərtib edərək cərimə etməyi qərara aldı. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 266.3 maddəsi ilə “törətmiş olduğu" xətaya görə məsuliyyət qeyd edilmişdir. Birinci cərimədən xəbərsiz olduğunu nəzərə alaraq, sahə inspektoruna heç bir qaydanı pozmadığını bildirmiş, lakin bununla belə barəsində hər hansı inzibati tənbeh növü seçilərsə bununla bağlı ona məlumat verilməsini və barəsində tərtib olunan protokolun bir nüsxəsini özünə təqdim etməsini xahiş etmişdir. 2025-ci ilin yanvar ayında “E-polis” tətbiqindən istifadə zamanı təsadüfən ödənilməmiş cərimələr bölməsində 2 qanuni qüvvəyə minmiş EPQ ******* və EPQ ******* qərarların olduğunu görüb çox təəcüblənmişdir. Çünki sahə inspektoruna barəsində tərtib edəcəyi hər hansı bir protokolu birbaşa özünə təqdim etməyi xahiş etmişdir. Bundan sonra DİN rəhbərliyinə barəsində tərtib olunmuş protokolların və qərarların bir nüsxəsini özünə göndərilməsini xahiş etmişdir. 22 fevral 2025-ci il tarixdə gələn cavab məktubunda olan sənədlərlə tanış olduğu zaman protokol tərtib olunması ilə bağlı xeyli sayda uyğunsuzluqlar aşkar etmişdir. Belə ki, protokolda qeyd olunan inzibati xətanın törədildiyi ünvanla mənzilin yerləşdiyi ünvan arasında uyğunsuzluq var. Belə ki, xətanın baş verdiyi ünvan kimi Kazımzadə küçəsi 5, mənzil 4 ünvanı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.1, 100.1.4 maddələrində qeyd olunan tələblər düzgün qeyd olunmamış, sahə inspektoru tərəfindən protokolun tərtib olunması zamanı kifayət qədər ciddi nöqsanlara yol verilmişdir. Habelə, İnzibati Xətalar Məcəlləsinin 100.2 maddəsi heçə sayılaraq ona heç bir məlumat verilməmişdir. Bütün bunlara baxmayaraq, bu faktla bağlı müəyyən edilmiş sübutların təsdiq edilməsinə dair qrafa boş saxlanılmışdır. Bu səbəblərdən dolayı, istehsalat tullantılarının ayrıca utilizasiya olunmasını nəzərə alaraq, təmir dövründə yaranacaq bütün tullantıların birlikdə utilizasiya olunması, xüsusi poliqona daşınmasım təmin etmək məqsədi ilə xüsusi nəqliyyat vasitəsi sifariş olunmalıdır. Bunun üçün bütün tullantılar tərəfindən səliqəli şəkildə müvafiq torbalara yığılaraq, heç kəsə maneə törətmədən bir kənara yığılmışdır. Bildirir ki, sahə inspektoru tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və qərar da qanunsuz qəbul edilib. Nərimanov rayon RPİ-nin 18-ci PB tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında iştirak edən X5 çıxış edərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən qərəzli mövqe sərgilənmişdir və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yekunda məhkəmədən vermiş olduğu şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X5 tərəfindən istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin qaydalarını pozmasına görə İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2024-cü il tarixdə İXM-in 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar