Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-631/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X13 tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 izahatında göstərdi ki, X7 adlı şəxsin şikayət ərizəsi üzrə, guya onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 31.01.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən vəzifəli şəxs kimi 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Qərarda qeyd olunan hallar ilə razılaşmır və qərarı qanunsuz hesab edir. ünvan 1 ünvanında fəaliyyət göstərən “Alo” Hədiyyələr Mağazasını fiziki şəxs olaraq işlədir. Həmin mağazada adı çəkilən şəxs və ya digər hər hansı bir şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Belə ki, həmin şəxs mağazaya iş axtartdığı ilə bağlı birneçə dəfə müraciət etmişdir. Onun işsiz olduğunu, kirayədə yaşamasını, maddi vəziyyətini və xahişini nəzərə alaraq bir-neçə günlüyə mağazada işi öyrənməsi üçün razılıq vermişdir. Çünki həmin şəxsin buna qədər iş təcrübəsi olmamışdır. Digər tərəfdən onun sənədləri də qaydasında olmamış, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti keçmişdir. Çoxsaylı xahişlərini yenə də nəzərə alıb izah etmişdir ki, əgər sənədlərini qaydasına salarsa, gələcəkdə onun daimi işlə təmin olunması barədə düşünər. Bu faktı təsdiq edə biləcək kifayət qədər sübutlarım mövcuddur. O isə sənədlərini qaydasına salmamış və heç bir ciddi səbəb olmadan mağazadan incik düşərək qərəzli şəkildə qərarından şikayət verilən orqana üz tutmağı seşmişdir. Qeyd etdiyi kimi həmin şəxs hər hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir, sadəcə insanlıq naminə ilkin olaraq ona işləməyi öyrətmək üçün tərəfindən yaxşılıq edilmişdir və onun qeyri-rəsmi əmək münasibətlərinə cəlb edilərək işlədilməsini təsdiq edən hər hansı bir hal müəyyən edilməmişdir. Səlahiyyətli orqanın istinad etdiyi hallarla razılaşmasa da, haqlı iradlarına heç bir məhəl qoyulmadan, əlavə araşdırma aparılmadan barəsində qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib etmiş və həimn protokol əsasında inzibati tənbeh vermə barədə qərarı qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 iahatında göstərdi ki, X5 müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 01.12.2021-ci il tarixdən 10.12.2021-ci il tarixinədək işlərin yerinə yetirilməsinə cəlb edilmiş, X1 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir, buna görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış izahatından görünür ki, o, X3 məxsus obyektdə işləmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır MN ******* nömrəli, 21 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 01.12.2021-ci il tarixdən 10.12.2021-ci il tarixinədək işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X1 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 01.12.2021-ci il tarixdən 10.12.2021-ci il tarixinədək işlərin yerinə yetirilməsinə cəlb edilmişdir, buna görə də Mamedova Elvira İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəisndə 3000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən “X4 tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi X4 tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X4 barəsində haqlı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM): 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 31.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-631/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-631/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver