Məhkəmə qərarları › İş №3(005)-643/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-643/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-643/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şəxs nümayəndəsi-X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Polis İdarəsi X3 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* nömrəli 25 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, X3 Cəmiyyəti mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs nümayəndəsi-X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, polis idarəsindən daxil olmuş sorğu tərəflərindən cavablandırılaraq nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumat verilmişdir. Eyni zamanda qeyd etmişlər ki, həmin şəxs ümumiyyətlə Bakı şəhərində olmayıb. Qeyd olunan sorğu hüquqi şəxsin ünvanına dekabr ayında daxil olmuşdur. Lakin hadisə sentyabr ayında baş vermişdir. Odur ki, çıxışında qeyd olunanlara dair müvafiq sənədləri məhkəməyə təqdim edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərardadından görünür ki, X3 Cəmiyyətinin AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə AR DİN-nin Nərimanov RPİ-nə geri qaytarılmışdır. DİN-nin DYP WEB Portalından çıxarışdan görünür ki, 24.09.2020-ci il tarixdə MMCnin mülkiyyətində olan Lexus LX570 minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Üzeyir Hacıbəyov-K. Səfərəliyeva küçəsinin kəsişməsində olarkən yol nişanlarının tələblərinə riayət etməmiş və bununla da AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Poçt qəbzinin üzərində olan ştrix-kod (SS598831975AZ) “Azərpoçt” İSTEHSAL-KOMMERSİYA MÜƏSSİSƏSİ-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Nərimanov RPİ-dən hüquqi şəxsin ünvanına göndərilmiş sorğu 15.12.2020-ci il tarixdə rəsmi qaydada çatdırılmış və qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs X3 Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi hüquqi şəxs X3 Cəmiyyəti 15.12.2020-ci il tarixdə polis idarəsində göndərilmiş sorğunu rəsmi qaydada almış, 16.12.2020-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı polis idarəsinə göndərmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, X3 Cəmiyyəti tərəfindən qeyd olunan inzibati xəta 20.12.2020-ci il tarixdə törədilmiş, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol isə 25.05.2021-ci il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, polis idarəsi tərəfindən X3 Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçməsinə baxmayaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Cəmiyyətinin tərəfindən inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçməsi səbəbindən onun barəsində inzibati tənbeh verilə bilməz. Bu səbəbdən də, barəsində tərtib olunmuş AP ******* nömrəli 25 may 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar