Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-645/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X7, Şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili X1 iştirakı ilə X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 13 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 13 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Ş.Quliyeva Sahildə yerləşən S.Vurğun küçəsindəki kosmetik mallar satışı mağazasında işə qəbul olunduğunu yazmış və dövlət xidməti də bu şikayət əsasında araşdırma aparmışdır; qərar qəbul edən vəzifəli şəxs nəzərə almamışdır ki, fərdi sahibkar olaraq onun - Mehparə Quliyevanın - Sahildə yerləşən (Səbail ray., S.Vurğun küç 3) mağaza ilə hər hansı rəsmi bağlılığı yoxdur. Həmin mağaza fərdi sahibkar - vəzifəli şəxs olaraq onun fəaliyyət dairəsinə daxil deyil. Həmin mağazada kiminsə işə qəbul edilib-edilməməsi onun vəzifə səlahiyyətlərinə daxil olmadığından, həmin mağazada baş vermiş hər hansı hadisəyə görə mən məsuliyyətə cəlb edilə bilməz. Bu mənada qərar qəbul etmiş vəzifəli şəxs İXM-in yuxarıda sadalanan müddəalarının tələblərini pozmuşdur. Xüsusən, İXM-in 17-ci maddəsinin məzmunu tələb edir ki, Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Lakin barəsində qərar verilərkən müəyyən olunmamışdır ki, o, vəzifəli şəxs olaraq şikayətçi Ş.Quliyeva ilə bağlı hansı vəzifəni yerinə yetirməmişəm və ya lazımınca yerinə yetirməmişəm? Ümumiyyətlə, ona aid olmayan sahibkarlıq subyektinin fəaliyyətinə dair o, hansısa vəzifə daşıyırmı? Bununla yanaşı, barəsində qərar verilərkən, İXM-in 75-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, 75.0.2-ci maddənin tələbinə görə, inzibati xəta törətmiş şəxs - müəyyən olunmalıdır. Hesab edir ki, ona aid olmayan sahibkarlıq subyektində (nəzəri cəhətdən) hər hansı xəta hadisəsi baş vermiş olsaydı belə, bu xətanın törədilməsinin ona aidiyyəti yoxdur. Deməli, hazırki iş üzrə inzibati xəta hadisəsinin olubolmamasından asılı olmayaraq, inzibati xətanı törədən şəxs o olmadığından, barəsində məsuliyyət qərarının qəbul olunması qanunsuz və əsassızdır. Hazırki iş üzrə inzibati qərar eyni orqanın vəzifəli şəxsi tərəfindən tərtib olunmuş protokolda göstərilənlər əsasında çıxarılmışdır. Yəni, inzibati qərarın mənbəyi tərtib olunmuş inzibati xəta haqqında protokoldur. İnzibati xəta haqqında protokolun mənbəyi isə, yalnız Ş.Quliyeva adlı şəxsin məlumatıdır. Protokol ona göndərilmədiyinə görə, başqa hansı dəlil-sübutların müəyyən olunduğu görünmür. Ş.Quliyevanın Sahildə yerləşən (Səbail rayonu, S.Vurğun küç 3 ünvanında, “NM Beaty”) kosmetik mallar mağazasında işə cəlb edilməsinə dair şikayəti öz təsdiqini tapmamışdır. Bu halda inzibati xəta hadisəsinin baş vermədiyi nəzərə alınmalıdır; (İXM-in 75.0.1 -ci maddəsinin tələbinə görə qiymətləndirmə). İstinad olunan inzibati xəta hadisəsində onun təqsirinin olması istisnadır. Çünki o, fərdi sahibkar - vəzifəli şəxs olaraq, ünvan 2 ünvanında yerləşən sahibkarlıq subyektində fəaliyyət göstərir. (İXM-in 75.0.2-ci maddəsinin tələbinə görə qiymətləndirmə). İstinad olunan “inzibati xəta hadisəsinin” törədilməsindən (xx.xx.2022) 3 ay keçdikdən sonra - xx.xx.2023-cü ildə inzibati tənbeh tətbiq edilə bilməz. (İXM-in 38.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan müddəasına görə qiymətləndirmə). Qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 13 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs şikayət vermiş şəxs X5 nümayəndəsi X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11 izahatında göstərdi ki, X8 tərəfindən X12 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən müəyyən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən idarənin 13 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 3000 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin izahatlarını, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 13 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X8 tərəfindən X12 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən müəyyən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X2 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3000 (üç min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********6 nömrəli arayışdan görünür ki, X8 (VÖEN: **********) 1033 ünvan 3 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2019-cu il tarixdə uçota alınmışdır. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********5 nömrəli arayışdan görünür ki, X9 (VÖEN: **********) 1095 ünvan 4 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2019-cu il tarixdə uçota alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X4 müraciətində həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X5 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Şikayət vermiş şəxs öz şikayətində göstərmişdir ki, çünki o, fərdi sahibkar - vəzifəli şəxs olaraq, ünvan 5 ünvanında yerləşən sahibkarlıq subyektində fəaliyyət göstərir. Ehtimal olunan inzibati xəta isə ünvan 6 ünvanda yerləşən mağaza ilə heç bir rəsmi bağlılığı yoxdur. Həmçinin bildirmişdir ki, istinad olunan “inzibati xəta hadisəsinin” törədilməsindən (xx.xx.2022) 3 ay keçdikdən sonra - xx.xx.2023-cü ildə inzibati tənbeh tətbiq edilə bilməz. (İXM-in 38.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan müddəasına görə qiymətləndirmə). Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraat zamanı iştirakının təmin edilməsinin mümkünlüyü, ehtimal edilən inzibati xətanın törədildiyi vaxt və inzibati məsuliyyətə cəlb etmə müddəti, M.Quliyevanın vəzifəli şəxs kimi həmin inzibati xətaya aidiyyəti, həmin inzibati xətanın məhz M.Quliyeva tərəfindən törədilməsinə dəlalət edən hallar, həmçinin düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X8 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X8 Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 13 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul olunmuş 13 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-645/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-645/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver