Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-654/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxs- X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 01.80.1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 01 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2989/2021 nömrəli, 12.10.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 47700 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, icra sənədi şöbənin icraatına 12.10.2021ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. Hazırki vaxtadək borclu tərəfindən müxtəlif məbləğlərdə pul ödənilmişdir. Borcludan həmçinin izahat da alınmış, borclu yığılmış borcunu maddi durumu səbəbindən tam şəkildə ödəyə bilmədiyini izahatında bildirmişdir. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə borcunu tam ödəməməsinin səbəbi maddi vəziyyəti ilə əlaqədardır. İkinci Qarabağ döyüşlərində iştirak etmiş və qazi olmuş oğlunun Türkiyə Respublikasında müalicəyə ehtiyacı vardır. Hazırda 600 manat ödəniş etmək iqtidarındadır. Bundan sonra hər ay üçün 2000 manat məbləğində ödəniş edəcəkdir. Qərəzli olaraq icra sənədini icra etməkdən yayınmır. Odur ki, göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 çıxış edərək Şəxs barəsində icra sənədini tam icra etməyəcəyi təqdirdə şikayətçi olacağını qeyd etmiş və əlavə olaraq qeyd etmişdir ki, hazırda borclu tərəfindən ona 600 manat məbləğində pul vəsaiti məhkəmə zalında ödənilmişdir. Hazırki mərhələdə ona qarşı şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2989/2021 nömrəli, 12.10.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 47700 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 12.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2989/2021 nömrəli, 18.08.2021-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Zərər çəkmiş şəxs X2 məhkəmə iclasında vermiş olduğu izahatından görünür ki, borclu Şəxs tərəfindən ona 600 manat məbləğində pul ödənildiyini, ona qarşı hazırda heç bir şikayətinin olmadığını bildirmişdir İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğu qeyd olunur. Şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2989/2021 nömrəli, 12.10.2021-cu il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Hazırki iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2989/2021 nömrəli, 12.10.2021-cu il tarixli icra sənədi üzrə borclu Şəxs 47730 manat məbləğində pulu tələbkar X2 xeyrinə ödəməlidir. 2021-ci ildən məhkəmə qətnaməsinin icraya yönləndirilməsinə və hazırki tarixədək borclu tərəfindən tam şəkildə icra edilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hərəkətlər Şəxs maddi imkanı ilə əlaqədar olmuş, icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. Habelə izahatında bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar olaraq icra sənədini dərhal icra edə bilmir. Borclu Şəxs məhkəmə iclasında 600 manat məbləğində pulu tələbkarın xeyrinə ödəmişdir. Bununla da Şəxs hərəkətlərində AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması, habelə icra sənədini icra etməkdən qərəzli olaraq yayınma hərəkətləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-654/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-654/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver