Məhkəmə qərarları › İş №3(005)-66/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-66/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-66/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs MMC-nin vəkili Nümayəndə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 19 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 127890.00 ABŞ dolları məbləğində vəsaiti 02 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də 52147.82 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 03 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankının nümayəndəsi X2 19 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vəkil tərəfindən təqdim olunmuş gömrük bəyannamələri həmin şirkət tərəfindən daha əvvəl aparılmış avans ödənişlərlə bağlanmışdır. Yəni həmin avans ödənişləri müqabilində malların daxil olduğu banka bəyan edilmişdir. Ona görə də köhnə ödənişlər üzrə protokol tərtib edilməmişdir. Hazırda təqdim edilən yük gömrük bəyannamələri protokol tərtib edilmiş məbləğə bağlana bilməz. Bu köçürmə ilə bağlı yeni bəyannamə təqdim olunmalıdır, hansı ki, həmin bəyannamədə də idxal edilmiş mallar göstərilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Nümayəndə izahatında göstərdi ki, 02 dekabr 2021-ci il tarixdə Şəxs MMC tərəfindən 127890.00 ABŞ dolları məbləğində vəsait xaricə köçürülmüş və onlar həmin məbləğ hesabına alınan malları bir qədər gecikməylə ölkəyə idxal etmişlər. Bunu təsdiq edəcək gömrük bəyənnamələrini məhkəməyə təqdim edirlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan "xxxx" ASC-nin 08 dekabr 2023-cü il tarixli, 6-2/2-1092/2023 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC 127890.00 ABŞ dolları məbləğində pulu ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş **********0870 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 43293,81 ABŞ dolları məbləğində alınan mallar ölkəyə idxal olunmuşdur. Məhkəməyə təqdim edilmiş **********0542 saylı, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 83058,90 ABŞ dolları məbləğində alınan mallar ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 127890.00 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 52147.82 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 52147.82 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 10.429,564 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar