Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-660/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsinə dair X2 şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli 3(005)-660/2021 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.05.2021-ci il tarixli 3(103)-1239/2021 nömrəli qərarından görünür ki, X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli 3(005)-660/2021 nömrəli qərarından verilmiş şikayət qismən təmin edilmiş və iş materialları yenidən araşdırılması və qrərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün məhkəməyə qaytarılması qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi'” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir. İlk öncə nəzərə çatdırır ki, həmin qərar ona 15.03.2021-ci il tarixində təqdim edilmiş və hal-hazırda şikayət ərizəsi ilə məhkəməyə müraciət edir. Qərarda göstərilmişdir ki, guya o, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərarda qeyd olunur ki, xidmətin əməkdaşlarının monitorinqi zamanı ona məxsus ictimai iaşə müəssisəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinin pozulması faktları aşkar olunmuşdur. Nəzərə çatdırmaq istəyir ki, yuxarıda qeyd olunan halların heç biri həqiqəti əks etdirmir, tərəfindən bu və ya digər şəkildə heç bir inzibati xəta törədilməmişdir. Belə ki, rəhbərlik etdiyi çay evində karantin, həmçinin gigiyena qaydalarına tam riayət edilmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Bu isə inzibati xəta hadisəsinin olmamasını sübut edir. İnzibati xəta o halda törədilmiş hesab olunur ki, hər hansı hüquq pozuntusu mövcud olsun. Qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasına çıxış edərək bildirmişdir ki, işlətdiyi çay evində bütün iş vaxtı karantin rejiminə riayət edilir. 16.02.2021-ci il tarixdə onun iştirakı olmadığı zaman administrator işləyən işçisi ona zəng edərək bildirmişdir ki, çay evinə üç nəfərdən ibarət nümayəndə karantin qaydalarını yoxlamaq üçün gəlmişdir. Saat artıq gec olduğu üçün obyektə gedə bilməmişdir. Əməkdaş bildirmişdir ki, divanda əyləşən iki müştəri arasında sosial məsafə qaydalarına riayət etmədiyini, masalararası məsafənin qorunmadığını bildirmişdir. Halbuki həmin müştərilər obyektə yeni daxil olmuş, onlara tərəflərindən xidmət belə göstərilməmişdir. Bundan başqa administartor həmçinin əməkdaşlara bildirmişdir ki, müştərilər bir-birilərinə yer verərkən ani bir vəziyyətdə yaxınlaşmalarına görə səlahiyyətli orqan belə nəticəyə gəlmişdir ki, araməsafə qaydaları pozulmuşdur. Həmçinin ona təyin edilən cərimə məbləğini ödəməkdə maddi cəhətdən çətinlik çəkir. Hətta çay evini belə kredit götürərək təmir etdirmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X5 göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Bak şəhəri, Nərimanov Rayonu, Ə.Ağaoğlu küçəsi, ev 12, mənzil 1də yerləşən “Dilemma” çay evində 16.02.2021-ci il tarixdə qida qəbulu zamanı ara məsafəsinin eyni masa arxasında 1 metr, masalararası məsafənin 2 metrdən az olması, məsul şəxsin olmaması aşkar olunmuşdur. Nəticədə çay evinin sahibi X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında barəsində 4000 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 tibbi maska taxmaması əsas gətirilərək barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, lakin həmin protokol əsasında qəbul edilmiş qərarda R. İbrahimovun karantin rejim qaydalarını pozması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan düzgün olmayaraq belə bir nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Nazirlər Kabinetinin 06.07.2020-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Həmin Qərarın 2.4-cü bəndinə görə bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur. Səhiyyə Nazirliyinin təsdiqlədiyi “İctimai iaşə müəssisələrinin açıq hava sahələrində koronovirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişlərində göstərilmişdir ki, oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalar arası məsafənin isə 2 metrdən az olmaması qeyd olunmuşdur. İş üzrə şikayət vermiş şəxs R.İbrahimova bildirmişdir ki, obyektə daxil olan müştərilərə heç bir xidmət göstərilməmiş, onlar masada əyləşmək üçün biri digərinə yol verərkən ani olaraq ara məsafəsi qaydalarının pozuntusu yaranmışdır. Lakin çay evində bütün karantin rejimi qaydalarına riayət edildiyi, yol verilən xətanın onlar tərəfindən deyil çay evinə daxil olan müştərilər tərəfindən pozulduğunu bildirmişdir. Bundan başqa, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə, şikayətçi X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 211.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X6 MN ******* saylı, 04.03.2021-ci il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X5 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-660/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-660/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver