Məhkəmə qərarları › İş №3(005)-663/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-663/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-663/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləmir, Bakı şəhəri Nərimanov rayonu Nəsibbəy Yusifbəyli küç. ev 35-də qeydiyyatda olan və yaşayan Şəxs oglu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis inspektoru X5 tərəfindən Şəxs oglu barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, 21 fevral 2025-ci il tarixdə Şəxs oglu daşınması və istifadəsi qadağan olunmuş narkotik vasitədən istifadə etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis inspektoru X5 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, Şəxs oglunun 28 fevral 2025-ci il tarixdə Nərimanov rayonu inzibati ərazisində qanunsuz olaraq narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oglu özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 28 fevral 2025-ci il tarixdə qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Etdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oglunun İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs oglunun həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis polkovnikleytenantı cənab Anar Rüstəmova ünvanlanan 03 mart 2025-ci il tarixli raportdan görünür ki, 02 mart 2025-ci il tarixdə saat təxminən 23:45 Nərimanov rayonunda xidmət aparan Bakı şəhəri Nərimanov rayonu Nəsibbəy Yusifbəyli küç. ev 35-də şəxs özünü şübhəli apardıgından həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, nizam intizama dəvət etmiş və eləcə də həmin şəxsi şübhəli olduğundan AR DİN Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə gətirilmiş, həmin şəxsin Şəxs oglu oldugu məlum olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs oglu barəsində araşdırma aparılması üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs oglu xx.xx.2025-ci il tarixdə saat 00:05-dan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X7 X1 daxil olmuş xx.xx.2025-ci il tarixli 1211 nömrəli rəyində göstərilmişdir ki, Şəxs oglunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Şəxs oglu xx.xx.2024-cü il tarixdən Bakı NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oglunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oglunun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs ogluna İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2025-ci il tarixli 1211 saylı rəyini nəzərə alaraq X2 məcburi müalicə təyin olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar Qeyd olunanlara əsasən və İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oglu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs oglu dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs ogluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar