Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-666/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 04 mart 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 04 mart 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Aşağıda sadalanan hallara görə inzibati xəta tərkibi olmadığı üçün barəsində şikayət etdiyi qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Covid 19” virus infeksiyası ilə mübarizədə o, da ilk növbədə ailəsi və digər vətəndaşlar qarşısında öz məsuliyyətini dərk edərək ehtiyatla hərəkət edir. İctimai iaşə müəssisəsi işlədən biri kimi üzərindəki məsuliyyətin daha çox olmasının da fərqindədir və heç bir qanun pozuntusuna yol verməmişdir. Qərarın müəyyən etdi hissəsində göstərilir ki, guya ara məsafəsi gözlənilməmişdir. Bunun doğru olmaması şikayətə əlavə etdiyi kamera görüntüsündən də tam aydın olur. Həmin görüntüyə baxış keçirilsə, masalar arası məsafənin 2 metrdən, eyni masadakı vətəndaşlar arası məsafənin isə 1 metrdən çox olması aydın olar və protokolun və həmin protokol əsasında çıxarılan qərarın əsassız və qanunsuz olduğu sübut olunar. Qeyd etdiklərini nəzərə alaraq inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 04 mart 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, “Xalifa” çay evində masalar arası məsafə 1metrdən azdır. Sıxlıq qaydalarına əməl edilmir. Bu səbəbdən də, “Xalifa” çay evinin sahibkarı X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan CD-R formatlı diskə baxış zamanı məkanda 3 ayrı-ayrı boş masaların olduğu müəyyən edildi. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. X2 tərəfindən məhkəməyə təqdim olunmuş CD-R formatlı diskdə olan görüntüdə, məkanda ara məsafəsi gözlənilməklə 3 ayrı-ayrı boş masalar nümayiş olunsa da, həmin görüntünün 04 mart 2021-ci il tarixdə “Xalifa” çay evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin əməkdaşları tərəfindən inzibati xətanın aşkar edildiyi vaxt çəkilməsi müəyyən olunmur. Beləliklə, məhkəmə araşdırması zamanı onun İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 04 mart 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-666/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-666/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver