Məhkəmə qərarları › İş №3(005)-679/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-679/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-679/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X5 Şöbəsi tərəfindən 01 mart 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı O.Məmmədovun qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq sürücü F.Rəhimovun idarə etdiyi “OPEL ASTRA” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Hadisə zamanı avtomaşınlara maddi zərər dəymiş, sürücü F.Rəhimov “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: HK-1 №-138 nömrəli Raportdan görünür ki, 17.02.2021-ci il tarixdə saat 00:25-də Bakı şəhər BPİ-nin DYPİ-nin NH-dən Şahverdiyev məlumat verərək, Z.Bünyadov pr. DİNin Hospitalı ilə üzbəüz ərazidə xəsarətlə nəticələnən YNH baş verməsini bildirmişdir. HK-2 №-1357 nömrəli Raportdan görünür ki, 17.02.2021-ci il tarixdə saat 00:56-da 1 saylı TTYS-dan həkim Abbasova məlumat verərək, Z.Bünyaov pr. DİN-in Hospitalının yaxınlığında baş vermiş YNH zamanı 1991-ci il təvəllüdlü X1 dizin yumşaq toxumalarının əziyi xəsarəti almasını bildirmişdir. 17.02.2021-ci il tarixli, 2/2076 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, 17.02.2021-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur - ayıqdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 16.02.2021-ci il tarixdə saat 23:50 radələrində o, etibarnamə əsasında idarə etdiyi “xxxx” MMC-yə məxsus 2009-cu il buraxılışlı “Kia Optima minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində soldan üçüncü zolaqla təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən, qeyd olunan prospektin Atatürk prospekti ilə kəsişməsində inşa edilmiş körpünün başlanğıc hissəsinə çatmağına az qalmış məsafədə onun hərəkətdə olduğu zolağın qurtararaq hərəkət hissələrini ayıran sahə ilə bitişdiyini və qarşıdakı yolun iki zolaqdan ibarət olduğunu qəfil görmüşdür. O bunu görəndə, idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə hərəkət hissələrini ayıran sahənin arasında quraşdırılmış, üzərində işıq-qaytarıcıları olan qırmızı rəngli rezin ayırıcı dirəkləri vuraraq səkiyə doğru yaxınlaşdığından, hadisənin qarşısını almaq məqsədi ilə qəfil sola doğru manevr etdiyi zaman idarə etdiyi avtomobilin sol ön hissəsi ilə həmin zaman onun solunda, onunla eyni istiqamətdə, bir qədər irəlidə düzünə hərəkətdə olan “Opel Astra” minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanad hissəsi ilə onun ehtiyyatsızlığı nəticəsində toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı yaranmış zərbənin təsirindən Opel markalı avtomobilin sürücüsü idarəetməni itirərək, idarə etdiyi avtomobilin ön hissəsi ilə hərəkət hissələrini ayıran sahənin üzərinə çıxıb körpünün girişində olan beton dirəyə çırpılaraq dayanmışdır. Hadisədən sonra o və qarşı avtomobilin sürücüsü avtomobillərdən yerə enmişlər və o DİNnin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə adını bilmədiyi DYP-nin əməkdaşı yaxınlaşmışdır. Lakin qarşı avtomobilin sürücüsü, sonradan adının Fəxri olduğunu öyrəndiyi şəxs ayaq nahiyəsində ağrı hiss etdiyini bildirdiyindən DYPİ-nin əməkdaşı hadisə yerinə təhqiqatçını dəvət etmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə yaxınlaşmış təhqiqatçı Orxan Məmmədov ilkin sənədləşdirmə apararaq araşdırmaya başlamışdır. Əlavə suallara cavab olaraq hadisə nəticəsində heç bir xəsarət almadığını bildirərək MTE-dən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Nərimanov rayon şöbəsinin 23 fevral 2021-ci il tarixli, 99 saylı ekspert rəyindən görünür ki, X2 aşkar edilmiş xəsarətlər - ağrı simptomu və sağ diz oynağının bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının şişkinli halında əzilməsihematoması və sıyrığı, sağ baldırın, sol diz oynağının sıyrıqları, döş qəfəsinin ön səthinin qançırı - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 16.02.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ''23 fevral 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar