Məhkəmə qərarları › İş №3(005)-68/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-68/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-68/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2, Şikayət vermiş şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00100/2468 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00100/2468 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Çexiyada restoran işlətmişdir. Daha sonra işləri pis getdiyindən və müflis olduğu üçün Çexiyadakı restoranının fəaliyyətini dayandırmış və birdəfəlik Azərbaycana geri qayıtmışdır. Ona məxsus olan masa süfrələri də həmin restoranda qalmışdı. Masa süfrələrinin bəziləri istifadə olunduğu üçün köhnə idi, bəziləri isə təzə idi. Həmin süfrələr müxtəlif çeşiddə və rəngdə olmuşdur. Həmin malları (ev üçün istifadə edilən süfrələri) H020158/10ZC234 nömrəli nəqliyyat vasitəsi ilə Çexiyadan 29 noyabr 2021-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" postundan keçirməklə Azərbaycana gətirmişdir. İlk dəfə yük gətirdiyi üçün qısa idxal bəyannaməsinin verilməli olduğunu bilməmişdir. Bundan əlavə onu da qeyd etməlidir ki, onun bu malları kommersiya fəaliyyəti üçün deyil, şəxsi istifadə üçün gətirmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bu malların çox hissəsi restoranda artıq istifadə olunmuşdur, qalanlarını isə evdə istifadə etməyi, yaxın qohumlarıma hədiyyə etməyi planlaşdırmışdır. Gömrük postunda olanda gömrük orqanı əməkdaşı ona bildirdi ki, süfrələrin sayı çox olduğu üçün onları ancaq kommersiya fəaliyyəti ilə bağlı mallar kimi sistemə yerləşdirə bilərlər. Gömrük orqanı əməkdaşından qısa idxal bəyannaməsini yazmalı olub-olmadığımı soruşduqda isə, o buna ehtiyac olmayacağını bildirdi. 116 ədəd olan süfrələr 300 Euro təşkil edirdi, 1 ədədi təxmini 2.5 euro məbləğində idi. Gömrük əməkdaşı məsələnin qısa yolla həll edəcəyini bildirdi, bunun üçün invoice-da dəyişiklik edilməli olduğunu dedi və daha sonra xx.xx.2021-ci il tarixli, ******* saylı invoice-a düzəliş edərək, 1 ədədi təxminən 7 eurodan hesablamaqla ümumi məbləği 700 euro müəyyən etdi. Ondan bu məbləğin 36 faiz miqdarında rüsumu da aldılar. Daha sonra gömrük postundan həmin malları çıxarmışdır. 1 gün sonra Baş Gömrük İdarəsinin Təhqiqatından ona zəng vurdular, qısa idxal bəyannaməsini tərtib etməyibsiniz və bu əməliyyatları onların vöeninə qevd ediblər. O isə VÖEN-ni bağlatdırdığını xatırlayır, sadəcə bildiyi qədərilə bağlatdırdıqdan 4-5 il sonra yenidən aktiv olur. Adına VÖEN olsa da o, heç bir idxal əməliyyatı etməmiş, çünki bu malları şəxsi istifadə üçün gətirmişdir. Əvvəllər zərurətlə əlaqədar olaraq VÖEN açdırmalı olsa da, daha sonra VÖEN-i bağlatdırmışdır. Gömrük əməkdaşları israrla bu malları kommersiya məqsədi ilə idxal etdiyini bildirdilər. O isə onlara bunu sahibkarlıq məqsədi ilə gətirmədiyini, sadəcə şəxsi istifadə üçün - məişətdə istifadə etmək üçün idxal etdiyini bildirmişdir. Həmçinin, onu da qeyd edir ki, hazırda rabitə sahəsində özəl şirkətdə çalışır və bütün vaxtını regionlarda olur və sahibkarlıq fəaliyyəti həyata keçirməyə nə vaxtı, nə də həvəsi var. Bütün bunlara baxmayaraq, Baş Gömrük İdarəsi lazımi araşdırma aparmadan barəsində İXM 485.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etdilər. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00100/2468 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, X4 Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi 34/012/031540 nömrəli xx.xx.2021-ci il tarixli raport, **********1094 sorğu nömrəli gömrük bəyannaməsi, “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, xx.xx.2021-ci il tarixli, 00100/2468 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00100/2468 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 1000 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 00100/2468 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar