Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-687/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 14000-0119/22 nömrəli 11 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 07.12.2021-ci il tarixli, **********6505 sorğu nömrəli gömrük bəyannaməsi ilə 4845,60 litr spirtli içki məmulatları müvəqqəti saxlanca götürülmüşdür. Həmin mallardan 2403,60 litr spirtli içki məmulatları rəsmiləşdirilmiş və müvəqqəti saxlancda qalan 2442,00 litr spirtli içki məmulatları üçün nəzərdə tutulan müddətin başa çatmasına baxmayaraq həmin malların rəsmiləşdirilməsi üçün Şəxs MMC tərəfindən müraciət olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 tərtib olunmuş protokola etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 28.01.2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən 07.12.2021-ci il tarixli **********6505 sorğu nömrəli gömrük bəyannaməsilə 4845,60 litr spirtli içki məmulatları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin mallardan 2303,60 litr spirtli içki məmulatları rəsmiləşdirilmiş və müvəqqəti saxlancda qalan 2442,00 litr mallar üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq həmin malların rəsmiləşdiriliməsi üçün Şəxs MMC tərəfindən heç bir müraciət olmamışdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən müvəqqəti saxlanc müddətinə əməl olunmamasının əsas səbəbi bəzi sənədlərin çatışmaması ilə əlaqədardır. Yaxın günlərdə qeyd olunan spirtli içki məmulatları gömrük orqanında rəsmiləşdiriləcəkdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40- cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-687/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-687/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver