Məhkəmə qərarları › İş №3(005)-689/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-689/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-689/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 22 fevral 2023-cü il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 22 fevral 2023-cü il tarixli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində ara küçələrin birində (Kapital Bank ASC-nin qarşısı) saxladığı avtomobilinə görə ona DİN tərəfindən İXM-nin 346.1-ci maddəsinə əsasən EQ 13248383 nömrəli protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli qərara əsasən 20 AZN məbləğində cərimə tətbiq edilmişdir. Qeyd etmək istəyir ki, həmin ərazidə dayanma, durmanın qadağan edildiyi heç bir nişanlanma xətti, heç bir nişan (3.27) quraşdırılmamışdır. Həmin ərazi avtomobillərin parklanması üçün nəzərdə tutulan ərazidir və yol hərəkəti iştirakçılarının normal hərəkətinə heç bir maneəçilik törətmir. Avtomobilini sözügedən ünvanda ara küçədə dəfələrlə və aylarla saxladığı halda, cərimə tətbiq edilməmişdir. Həmçinin həmin ərazidə hər gün onlarla nəqliyyat vasitəsi saxlayır və nəzarətçi tərəfindən mütəmadi olaraq nəzarət edilir. Həmin ərazidə dayanma, durma qadağan olsa avtomobillərin daxil olması üçün müəyyən məhdudiyyətlər (beton konstruksiyalar, avadanlıqlar və s.) və ya nişanlar (giriş qadağandır və s.) nəzərdə tutulmalıdır. Əlavə olaraq qeyd edir ki, AsanPay elektron sisteminə əlavə edilən şəkillərdə yalnız avtomobilin ön, arxa və yan hissəsinin şəkilləri mövcuddur, fotoşəklin nə vaxt, harada çəkildiyi, həmçinin hansı yol nişanının (3.27, 1.4 və s.) tələblərinin pozulması ilə bağlı sənədlər əlavə edilməmiş, həmin sənədlərlə bağlı materiallar BDYPİ-nin mərkəzi informasiya sistemində mövcud. Halbuki inzibati qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur ki, inzibati xətanın törədildiyi anın fotoşəkli əlavə edilməlidir. İnzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitənin məlumatları mövcud deyil. İnzibati qanunvericilikdə yol hərəkəti qaydalarının yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr inzibati tənbeh vermə haqqında qərarda və ya protokolda öz əksini tapmalıdır. İnzibati xətanın baş verməsi sübuta yetirilməmişdir. Yuxarıda qeyd etdiyim nüanslardan görünür ki, İXM 346.1-ci maddəsi ilə inzibati xəta tərkibinin yaranma əsaslarının nədən ibarət olduğu məlum deyildir. Qərar və protokolun təqdim edilməsi ilə bağlı rəsmi müraciətim əsasında xx.xx.2023-cü il tarixində qərarın surətini verilmişdir, (bax qoşma) Göründüyü kimi şəkillərdən, qərar, sənədlər və hadisə yerinə baxış zamanı əməlimdə inzibati xəta tərkibinin olmadığı açıq-aşkar görünməkdədir. Bu səbəbdən barəmdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X2 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı sübut mövcud deyil. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X2 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki, X2 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X2 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X1 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 22 fevral 2023-cü il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də X1 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 22 fevral 2023-cü il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 22 fevral 2023-cü il tarixli qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar