Məhkəmə qərarları › İş №3(005)-690/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-690/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-690/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 03 mart 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, 03.03.2022-ci il tarixdə, saat 12:00-da ünvan 1 ünvanında "xxxx" MMC-nin borclu olduğu məhkəmə qərarları üzrə borc vəzifəli şəxs Şəxs tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokola MN ******* saylı əlavədən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10-1(102)-16/18/1 saylı 29. 06.2013-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 113456,15 avro məbləğində pul tutularaq tələbkar Belarusun "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 04.09.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" MMC-nin ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10-1(102)-16/18 saylı, 29.06.2013-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 311508,28 avro məbləğində pul tutularaq tələbkar Belarusun "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 04.09.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" MMC-nin ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-3046/2019 saylı, 23.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu “Emas Company" MMC-dən 3354 manat məbləğində pul tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi şöbənin icraatına 01.10.2019-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" MMC-nin ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-2(82)-571/2019 saylı, 28.08.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 6335 manat məbləğində pul tutularaq tələbkar "xxxx" Müəssisəsinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına 08.01.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" MMC-nin ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarlarını könüllü icra etmədiyinə görə borclunun ünvanına xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu tərəfindən məhkəmə qərarlarının icrası təmin edilməmişdir. İcra sənədləri 21.01.2020-ci il tarixdə bir icraatda birləşdirilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun həm hüquqi, həm də faktiki ünvanlarında olan zaman borclu təşkilatın həmin ünvanlarda fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Eyni zamanda “Elektron İcra” informasiya Sistemindən çıxarılmış məlumata əsasən, borclunun adına “LİEBHERR UTM630” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş, 20.11.2018-ci il tarixdə həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-1468/2018 saylı, 04.12.2018-ci il tarixli qərardadı ilə həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuş, həmin əmlak açıq hərrac vasitəsilə "xxxx" ASC tərəfindən alınmış, əldə edilmiş pul vəsaiti "xxxx" ASC-nin tələbkar olduğu icra sənədi üzrə borcdan silinmiş, "xxxx" ASC-nin məktubuna əsasən həmin icra sənədi üzrə borc tam ödənildiyinə görə icra sənədi üzrə icraata xitam verilmişdir. Borclunun adına başqa əmlak aşkar edilməmişdir. Eyni zamanda 02.11.2018-ci il tarixdə borcluya məxsus bank hesabları ilə bağlı inkasso sərəncamları qəbul edilərək icra edilməsi üçün müvafiq banklara göndərilmiş, borclunun bank hesablarında vəsait aşkar olunmamışdır. 16.11.2018-ci il tarixdə "xxxx" MMC tərəfindən aparılmış sonuncu vergi əməliyyatının hansı tarixdə həyata keçirilməsi və yaranmış vergi borcunun həcmi barədə məlumat verilməsi ilə bağlı isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə sorğular göndərilmiş, alınmış cavaba əsasən, borclu tərəfindən sonuncu vergi əməliyyatı 05.12.2018-ci il tarixdə müəssisə tərəfindən 2018-ci ilin noyabr ayı üzrə təqdim olunmuş ƏDV bəyannaməsi olmuş, borclunun şəxsi hesab vərəqəsinə əsasən, 07.12.2018-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 126815 manat, maliyyə sanksiyası üzrə 3954,48 manat, faiz üzrə 25876 manat olmaqla, cəmi 156645,61 manat borcu mövcuddur. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs 03.03.2022-ci il tarixdə izahat alınmış, borclu izahatında rəhbər olduğundan məlumatsız olduğunu, aldadıldığını, bununla bağlı müvafiq orqanlara şikayət etdiyini, təsisçi barəsində araşdırma aparıldığını, rəhbərlik funksiyalarından anlayışının olmadığını, icra sənədləri üzrə öhdəliklərlə bağlı məlumatı olmadığını, bu səbəbdən vəzifəli şəxs kimi öhdəlikləri qəbul etmədiyini qeyd etmişdir. İcra sənədləri üzrə borcdan heç bir ödəniş edilməmişdir. Bununla da borclu “Emas Company" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, vergi sistemində "xxxx" MMC-nin rəhbəri kimi qeyd olunmuş, lakin rəhbər olduğundan heç vaxt xəbəri olmamışdır. O, aldadılmışdır. Belə ki, ona fəhlə kimi işə qəbul ediləcəyi bildirilsə də, onu şirkət rəhbəri kimi qeydiyyata almışlar və bu barədə sonradan məlumatı olmuşdur. Bununla bağlı Daxili İşlər Nazirliyinə ərizə ilə müracət etmişdir və MMC-nin əsas təsisçisi X4 barəsində cinayət işi başlanmaq üzrədir. Bildirmişdir ki, "xxxx" MMC-nin borclu olduğu məhkəmə qərarlarından məlumatsızdır. Onun heç vaxt rəhbərlik funksiyalarından anlayışı olmamışdır. O, bütün ömrü boyu fəhləlik etmişdir. MMC-nin əsas təsisçiləri onu aldadaraq xeyli miqdarda borcu onun üzərinə yıxaraq aradan çıxmışlar. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : “İcra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında” 21.01.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18/1 saylı, 29.06.2013-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18/1 saylı, 29.06.2013-cü il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-571/2019 saylı 28.08.2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3046/2019 saylı, 23.07.2019-cu il tarixli icra sənədlərinin ümumi icraatda 180388/18 № ilə birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18 saylı, 29 iyun 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi Belarusun "xxxx" ASC-nin Baş direktoru Abakumov S.Y. tərəfindən verilmiş ərizənin təmin edilməsi, ərizəçi – iddiaçı Belarusun "xxxx" ASC-nin xeyrinə cavabdeh Azərbaycanın "xxxx" MMC-dən əsas borc olan 226.394.88 avro məbləği, dəbbə pulu olan 73.328.36 avro məbləği və arbitraj rüsumu xərci olan 11.785.02 avro, cəmi 311.508.28 avro tutulması müəyyən edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 04.09.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18 saylı, 29 iyun 2013-cü il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18/1 saylı, 29 iyun 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi Belarusun "xxxx" ASC-nin Baş direktoru Abakumov S.Y. tərəfindən verilmiş ərizənin təmin edilməsi, ərizəçi – iddiaçı Belarusun "xxxx" ASC-nin xeyrinə cavabdeh Azərbaycanın "xxxx" MMC-dən əsas borc olan 78.825.00 avro məbləği, dəbbə pulu olan 28.244.25 avro məbləği və arbitraj rüsumu xərci olan 6.386.90 avro, cəmi 113.456.15 avro tutulması müəyyən edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 04.09.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18/1 saylı, 29 iyun 2013-cü il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005()-3046/2019 saylı, 23.07.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı X2 xeyrinə ödənilməyən əmək haqqında və istifadə edilməmiş məzuniyyətə görə 3.354 (üç min üç yüz əlii dörd) manat məbləğində pul vəsaitinin tutulması müəyyən edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 01.10.2019-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005()-3046/2019 saylı, 23.07.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-571/2019 saylı, 28.08.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 605 (altı min üç yüz beş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Müəssisəsinə ödənilməsi müəyyən edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 08.01.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-571/2019 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan inkasso sərəncamlarından görünür ki, inkasso sərəncamları "xxxx" MMC-nin bank hesabları üzrə icra olunmaq üçün aidiyyəti üzrə banklara göndərilmişdir. "xxxx" ASC və "xxxx" ASC-dən daxil olmuş məktublardan aydın olur ki, "xxxx" MMCnin müvafiq bank hesabları bağlı olduğu üçün həmin inkasso sərəncamları icra olunmadan Nərimanov rayon İcra Şöbəsinə geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov tərəfindən tərtib edilmiş və həmin şöbənin icra məmurları, həmçinin hal şahidləri tərəfindən imzalanmış 18.09.2018-ci il tarixli Aktdan görünür ki, "xxxx" MMC barəsində olan icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında olmuşlar. Məlum olmuşdur ki, borclu faktiki olaraq həmin ünvanda fəaliyyət göstərmir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 11.12.2019-cu il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin sonuncu vergi əməliyyatı 05.12.2018-ci il tarixdə müəssisə tərəfindən 2018-ci ilin noyabr ay üzrə təqdim edilmiş ƏDV bəyannaməsi olmuşdur. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən 07.12.2018-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 126815,0 manat, maliyyə sansiyası üzrə 3954.48 manat, faiz üzrə 25876.13 manat olmaqla, ümumilikdə 156645.61 manat borcu vardır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Əvvəla məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş materiallardan, icra sənədlərində qeyd olunan borc məbləğinin məhz Şəxs "xxxx" MMC-nin rəhbəri olduğu dövrdə yaranması müəyyən edilmir. Ümumiyyətlə, Şəxs hansı tarixdə həmin MMC-nin rəhbəri təyin edilməsi iş üzrə təqdim edilmiş sənədlərdən aydın olmur. Hazırki şəraitdə iş üzrə tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs "xxxx" MMC-nin rəhbəri kimi qeydiyyata alınmasından məlumatsız olmuş, ümumiyyətlə, heç vaxt idarəçilik barədə məlumatı olmamış, sadəcə həmin MMC-də fəhlə kimi işə qəbul ediləcəyi barədə aldadılaraq MMC-nin rəhbəri vəzifəsinə təyin edilmiş, mövcud vəziyyət barədə sonradan xəbərdar olaraq hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Başqa sözlə, Şəxs faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini və ya sahibkarlıq fəaliyyətini həyata keçirməmişdir. Şəxs həmin MMC-də rəhbər funksiyalarını həyata keçirdiyinə, xüsusilə icra sənədlərinin qəbul edildiyi dövrdə bu cür səlahiyyətləri icra etdiyinə dair inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Belə olan təqdirdə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, hüququn ədalətlilik, təqsirə görə məsuliyyət və təqsirsizlik prezumpsiyası prinsiplərini rəhbər tutaraq qeyd edir ki, fərd ancaq hüquqazidd əməlinə və onun şəxsiyyətə, cəmiyyətə və dövlətə ziyan vuran nəticəsinə müəyyən psixi münasibəti mövcud olduqda məsuliyyət daşıya bilər. Təqsirlə bağlı olmayan, yəni qəsd və ya ehtiyatsızlıqdan törədilməyən əmələ görə məsuliyyət yarana bilməz. Şəxs yol verdiyi əməlin ictimai təhlükəliliyini dərk etməmişdirsə və ya dərk etmək imkanından məhrum edilmişdirsə belə əməl onun üçün məsuliyyət yarada bilməz. Təqsirlə əhatə olunmayan əmələ görə məsuliyyətə cəlb etmə məsuliyyətə alma obyektiv təqsirləndirməyə gətirib çıxarardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18/1 saylı, 29.06.2013-cü il tarixli və 10-1(102)-16/18/1 saylı, 29.06.2013-cü il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-571/2019 saylı 28.08.2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3046/2019 saylı, 23.07.2019-cu il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xatanın törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar