Məhkəmə qərarları › İş №3(005)-696/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-696/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-696/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16cı PB-nin sahə inspektoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Goranboy rayonu, Yeniyol kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 29 fevral 2024-cü il tarixdə şəxs Bakı şəhəri Nərimanov RPİnin 16-cı PB-nin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 29 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X4 ilə Azadlıq prospekti 41 ünvanında yerləşən “Araz” marketdə mübahisə edib ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin sahə inspektoru X3 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, həyat yoldaşı qeyd olunan marketdə işləyir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 23:30 radələrində X4 həyat yoldaşına zəng edərək işə getməli olduğunu bildirmişdir. O, isə yoldaşı ilə birlikdə marketə gedərək yoldaşının orada işləmək istəməməsini bildirmişdir. Hadisə ancaq bundan ibarət olmuşdur və aralarında mübahisə baş verməmişdir. Sonda Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Azadlıq prospekti 41 ünvanında yerləşən “Araz” marketdə müdir vəzifəsində işləyir. Şəxs yoldaşı Sayalı xanım onların marketində işləyir və onun icazəsi, eyni zamanda razılığı olmadan digər işçiyə işə gələ bilməməsi ilə bağlı razılıq vermişdir. Həmin işçi isə işə gəlmədiyindən marketdə problem yaşanmışdır. Bu səbəbdən də Sayalı xanıma zəng edərək özünün işə gəlməli olmasını bildirmişdir. Daha sonra Sayalı xanım və onun yoldaşı Şəxs marketə gəlmişdir. Şəxs ona yoldaşının həmin marketdə işləməsini istəmədiyini bildirmişdir. Aralarında mübahisə baş verməmişdir. İş materiallarında olan 01 ədəd CD-R formatlı diskə baxış keçirilərkən Şəxs tərəfindən Azadlıq prospekti 41 ünvanında yerləşən “Araz” marketdə ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi müəyyən olunmadı. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə, yəni fiziki şəxslər üzərində zor tətbiq olunması ilə; zorun tətbiq edilməsi hədəsi ilə; dövlətin və vətəndaşların əmlaklarının məhv edilməməsi; əmlakın zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə törədilir. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Azadlıq prospekti 41 ünvanında yerləşən “Araz” marketdə məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar