Məhkəmə qərarları › İş №3(005)-70/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-70/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-70/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 vəkili –Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X2 vəkili Şükürov X1 Yol patrul xidməti baş inspektoru polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 vəkili Şükürov X1 Yol patrul xidməti baş inspektoru polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və işin yenidən araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23.11.2021-ci il tarixdə Binəqədi rayonu ərazisində X4 tərəfindən etibarnamə ilə idarə edilən “Opel Astra” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X4 izahatında göstərmişdir ki, 23.11.2021-ci il tarixində saat 11:18 radələrində "xxxx" ASC-də icbari qaydada sığortalanmış və etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba yolunun 11-ci km-də Sumqayıt istiqamətində yolun ikinci sırası ilə hərəkətdə olarkən ondan sol zolaqda hərəkət edən “Chevrolet Cruze” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydalarını pozaraq onun avtomobilinin arxa sol qanad və bufer hissəsi ilə toqquşmuşdur. Daha sonra sürücünün yanına özünü yoldaşı kimi qələmə verən kapitan rütbəli polis formasında bir nəfər gəlmiş və yol patrul əməkdaşlarının “Ekologiya" postundan göndərilməsini israr etmişdir. Çoxsaylı təsir və təzyiqlərdən sonra X4 günahkar çıxarılaraq onun barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. X5 izahatında göstərmişdir ki, 23.11.2021-ci il tarixində saat 11:18 radələrində idarə etdiyi Chevrolet Cruze markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba yolunun 11-ci km-də Sumqayıt istiqamətində hərəkətdə olarkən X4 tərəfindən idarə edilən “Opel Astra" markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili ötərək keçmiş və onu keçdiyini görən Məmmədov Elvin sürətini artıraraq ötmə əməliyyatı edərkən X3 idarə etdiyi avtomobilin sağ tərəfindən vurmuşdur. Həmin zaman siqnal verərək “Opel Astra” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlaya bilmişdir. Həmin avtomobilin sürücüsünün sərxoş olmadığını və heç bir avtomobildə xəsarət alanın olmadığını bildirmişdir. Hadisə ilə əlaqədar işin icraatı Ekologiya Yol patrul xidmətinin baş inspektoru polis kapitanı Babaşov Müşviq Əli oğluna həvalə edilmişdir. Lakin Babaşov Müşviq Əli oğlu işi tam, hərtərəfli və obyektiv araşdırmamış, “Chevrolet Cruze” markalı, **-VP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 qanunsuz əməllərinə hüquqi qiymət vermədən inzibati xəta haqqında qərar qəbul etmişdir və mübahisə olduğu halda ekspertiza təyin etməmişdir. Məhkəmə iclasında şikayətlə müraciət etmiş şəxs X2 vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Ekologiya Yol patrul xidməti baş inspektoru polis kapitanı Babaşov Müşviq Əli oğlu məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, Ekologiya Yol patrul xidməti baş inspektoru polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 23.11.2021-ci il tarixdə saat 11:18-də idrə etdiyi “OPEL ASTRA” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Ekologiya Yol patrul xidməti baş inspektoru polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Ekologiya Yol patrul xidməti baş inspektoru polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar