Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-70/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 25 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X12 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Şəxs MMC tərəfindən Azərbycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, Şəxs MMC fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəyir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyəti dövründə xeyli sayda işçiləri olmuşdur və onlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuş və hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən keçirilən yoxlama zamanı X9 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunduğundan, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə məlumat vermişdir. X15 Xidməti tərəfindən araşdırma aparılaraq X9 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi qənaətinə gəlinərək MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 25 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə X16 barəsində də X15 Xidməti tərəfindən araşdırma aparılmış və onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi müəyyən edilərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X16 tərəfindən X9 elektrik işinin öyrənilməsi məqsədilə Şəxs MMC-nin iş yerinə daxil olması və orada iş öyrənməsi ilə bağlı rəhbərliyin heç bir məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 25 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərmişdir ki, o, Şəxs MMC-də elektrik-usta kimi fəaliyyət göstərir. Onun işi yalnız avtomobillərdə texniki nasazlığın olub-olmaması barədə kompyuter vasitəsi ilə müayinə aparmaqdır. X5 xahişi əsasında övladı X13 bir neçə gün ərzində onun yanına iş öyrənmək üçün gəlib getmiş, heç bir iş görməmiş, hər-hansı bir əmr və tapşırıq icra etməmiş, sadəcə kənardan onun kompyuterlə gördüyü iş prosesinə baxıb öyrənməyə çalışmışdır. Həmçinin işçi olmadığına görə ona ödəniş də edilməmişdir. Binəqədi RPİ tərəfindən X15 Xidmətinə məlumat verilmişdir ki, yetkinlik yaşına çatmayan X13 guya onun tərəfindən işlədilərək əməyin istismarına məruz qalmışdır. Nəticədə X15 Xidməti onun barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onu 1500 manat cərimələmişdir. Bir daha qeyd edir ki, X13 Şəxs MMC-nin işçisi olmamışdır və Şəxs MMC tərəfindən Nihat hər-hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli Müraciət Vərəqəsindən görünür ki, X13 əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli Müraciət Vərəqəsindən görünür ki, X13 işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodik kömək göstərilməsi üçün müraciət etmişdir. X13 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, anası X5 ərizəsi əsasında 2023-cü il sentyabr ayının 7-dən 20-dək elektrik işlərini öyrənmək üçün Şəxs MMC-də işləyən qardaşı X7 yanına getmişdir. Məktəb vaxtlarında da elektrik işlərini öyrənmək üçün dərsdən sonra saat 14:00-dan 16:00-a qədər ora getmişdir. X13 tərəfindən yazılmış izahatdan görünür ki, Şəxs MMC-də Cavad Qarayevin yanında köməkçi işləyir. Gündəlik əmək haqqı almır. Çünki ustanın yanında həm iş öyrənir, həm də ona kömək edir. X11 tərəfindən yazılmış izahatdan görünür ki, yetkinlik yaşına çatmayan X13 onun işlədiyi Şəxs MMC-də elektrik ustası işləyən Cavad Qarayevin yanında köməkçi kimi işləyir. Gündəlik əmək haqqı almır. Şəxs MMC-nin rəhbərliyi tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, X13 ilə Şəxs MMC arasında hər hansı bir əmək münasibəti olmamış, həmin şəxs MMC rəhbərliyi tərəfindən hər hansı bir işin və ya xidmətin görülməsinə cəlb edilməmiş və əmək haqqı almamışdır. Bakı şəhəri Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sarıevlər yaşayış massivində fərdi evdə kirayədə yaşayan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X9 Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni yaşayış massivində fərdi evdə yaşayan X16 tərəfindən işlədilərək əməyin istismarına məruz qalması müəyyən edilmişdir. “İnzibati tənbeh vermə haqqında” 11 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X13 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək X16 tərəfindən Azərbycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X3 oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, X10 barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, X9 elektrik işlərini X10 yanında öyrənmək məqsədilə MMC-nin iş yerinə gəlib-getməsindən rəhbərliyin məlumatı olmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində izahat vermiş X16 bildirmişdir ki, X5 xahişi əsasında sonuncunun övladı X13 bir neçə gün ərzində onun yanına iş öyrənmək üçün gəlib getmiş, heç bir iş görməmiş, hər-hansı bir əmr və tapşırıq icra etməmiş, sadəcə kənardan onun kompyuterlə gördüyü iş prosesinə baxıb elektrik işini öyrənməyə çalışmışdır. X13 Şəxs MMC-nin işçisi olmamışdır və Şəxs MMC tərəfindən Nihat hər-hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Binəqədi RPİ tərəfindən X15 Xidmətinə verilmiş məlumat əsasında isə X10 törətmiş olduğu inzibati xəta ilə bağlı araşdırma aparılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə “İnzibati tənbeh vermə haqqında” 11 dekabr 2023-cü il tarixli qərar qəbul edilmiş və 1500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 25 dekabr 2023-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 25 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-70/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-70/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver