Məhkəmə qərarları › İş №3(005)-700/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-700/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-700/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X2 vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, TP ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, avtomobili əri alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin avtomobili sürmək üçün əri ona etibarnamə vermişdir. Avtomobil qeydiyyat şəhadətnaməsindən göründüyü kimi “M4” modelə uyğun yığılmışdır. Həmin avtomobilə quraşdırılmış avadanlıqlar qanunsuz olmamışdır. xx.xx.2022-ci il tarixdə DYPİ əməkdaşı tərəfindən saxlanılmış və avtomobilə mühərrikin səs gücünün artırılması üçün avadanlıq qoşulduğunu bildirmişdir. O, öz növbəsində avtomobilin bu vəziyyətdə alındığını bildirmişdir. Avtomobilə baxış keçirilmədən və araşdırma aparılmadan barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı qaldığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şikayət təmin edilmiş və inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə yenidən araşdırma aparılması polisə tapşırılmışdır. Lakin polis tərəfindən müvafiq araşdırma aparılmadan yenidən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yekunda həmin inzibati tənbeh vermə haqqında qərarın əsassız və qanunsuz qəbul edildiyinə görə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında X3 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X7 çıxış edərək bildirdi ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Avtomobilin videogörüntlərinin əks edildiyi bir ədəd CD diski təqdim edərək yekunda məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3561/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından görünür ki, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 20 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X2 mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırması əsas gətirilməklə İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli,28 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2022-ci il tarixdə İXMin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmiş, lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X2 28 fevral 2023-cü il tarixdə mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırmasını müəyyən etmək mümkün deyildir. Əlavə olaraq məhkəmə bildirir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3561/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməsinə baxmayaraq səlahiyyətli orqan tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmamış və X2 yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, TP ******* nömrəli, 28 fevral 2023-cü il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş TP ******* nömrəli, 28 fevral 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 28 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 342.3-cü maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar