Məhkəmə qərarları › İş №3(005)-709/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-709/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-709/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2, zərərçəkmiş şəxs X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə vətəndaş X4 qarşı kobud hərəkətlər edərək ona qarşı xuliqanlıq hərəkətləri etmiş və əxlaqsız şəkil göndərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə inspektoru X5 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 2018-ci il tarixdə Aristokrat tibb mərkəzinə dişini düzəltdirməyə getmişdir. Orada o, Kəmalə adlı həkimə müraciət etmişdir. Kəmalə həkim onun dişini düzəltmişdir. O, Kəmalə həkimin nömrəsini həmin vaxt götürmüşdür ki, dişi ağrıyanda həkimə zəng edə bilsin. Lakin heç bilmir ki, bu hadisələr necə baş vermişdir. Təxminən 1 ildən çoxdur ki, Kəmalə həkimə vatsap vasitəsi ilə yazmağa başlamışdır. Kəmalə həkimdən xoşu gəldiyi üçün, ona xoş smslər yazırmış. Hər dəfə spirtli içki qəbul edəndə, özündə olmur, Kəmalə həkimə smslər yazırmış. Təxminən 1 ildən çoxdur ki, ona smslər yazmağa başlamışdır. Hər dəfə onu telefonda qara siyahıya atsa da, o, yeni nömrələr alıb ona vatsap vasitəsi ilə yazırmış. Lakin, Kəmalə həkim onun nömrələrini yenə də qara siyahıya atırmış. Sonuncu dəfə təxminən 1 həftə bundan öncə Kəmalə həkimə özünə məxsus 050 *** ** ** nömrəsi ilə yazmağa başlamışdır. Ona sevgiyə aid smslər göndərmişdir. Kəmalə həkim isə onun bu nömrəsini də qara siyahıya atmışdır. Ondan sonra o, Kəmalə həkimə yazmamışdır. Qeyd edir ki, səhvini başa düşür. Birdə belə hallara yol verməyəcək. O, içkili olanda özündə olmurmuş. Cinsiyyət orqanının şəkillərini və bu cür intim barədə səslər ona göndərmişdir. Hamısını içkili olduğu üçün etmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, “Aristokrat” tibb mərkəzində 8 ilə yaxındır ki, stomatoloq vəzifəsində çalışır.Təxminən 3 il bundan öncə işlədiyi tibb mərkəzində olan zaman pasent qismində Elşad adlı şəxs yaxınlaşmışdır. O, Elşada yardım göstərmişdir. Həmin şəxs ondan razı qalmışdır. O, həmin şəxsə nömrəsini vermişdir ki, dişi ağrıyanda onunla əlaqə saxlasın. Həmin şəxs təxminən 1 il 6 ay bundan öncə, ona müxtəlif bəhanələrlə zəng edir, dişinin ağrıdığını deyirmiş. O da Elşada hər dəfə deyirmiş ki, “gəl sənin kilinikada dişinə baxım.”. Günlərin bir günü Elşad yenə ona vatsap vasitəsi ilə yazaraq dişinin ağrıdığını bildirmşdir. O da demişdir ki, “gəl dişinə klinikada baxım.”. Elşad qəfil ona yazaraq bildirmişdir ki, “səndən xoşum gəlir”. O, isə Elşada cavab yazaraq narazılığını bildirmişdir. Elşad gündəlik ona belə yazılar yazaraq, onu çox narahat edirmişdir. O isə Elşadın nömrəsini qara siyahıya atırmış. Elşad isə hər dəfə yeni nömrə alaraq, ona vatsap vasitəsi ilə yazaraq, ondan xoşu gəldiyini bildirirmişdir. Elşad onun narazılığına məhəl qoymayaraq, ona əxlaqsız təkliflər etməyə başlamşdır. Elşadın bu hərəkətləri onu özündən çıxardırmış. Ancaq ailəsinin bilməməyi üçün, heç kimə heç bir söz deyə bilmirmiş. Elşad, ona yazaraq bildirirmiş ki, “səninlə cinsi əlaqədə olmaq istəyirəm”, həmin sözləridə səs vasitəsi ilə ona göndərmişdir. Ancaq o, yenə Elşada fikir verməyib, onu qara siyahıya atırmış. Son 3-4 ay ərzində Elşad yeni nömrə ilə onun nömrəsinə vatsap vasitəsi ilə cinsi orqanının şəkilini çəkib göndərmişdir. O da Elşadın bu hərəkətlərinə görə çox narahat olmuşdur. Ona görə də, Elşadın nömrələrini qara siyahıya atırmış. Ancaq Elşadın bu hərəkətlərinin davam etdiyini, sakitlşəmədiyini, əksinə hər gün yeni əxlaqsız təkliflər etdiyini və pis-pis şəkillər göndərdiyini görüb polisə şikayət etmək qərarına gəlmişdir. Sonda zərərçəkmiş şəxs X1 Elşad Şikar oğlundan şikayətçi olduğunu və həmin şəxsin barəsində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Üzeyirbəy Quliyev tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə həmin şöbənin təhqiqatçısı Üzeyirbəy Quliyev tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli Raportdan görünür ki, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olan və ünvan 2 ünvanında yaşayan X6 ərizə ilə müraciət edərək bildirmişdir ki, işlədiyi ünvan 3 ünvanında yerləşən “Aristokrat” tibb mərkəzinə pasiyent qismində gələn Elşad adlı şəxs 1 ildən artıqdır ki, mütəmadi olaraq ona zəng edib narahat edir, ona əxlaqsız təkliflər edir. Ondan da əlavə olaraq, ona cinsiyyət orqanının şəkillərini göndərərək, onu müxtəlif yollarla şantaj etmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hadisəni törədən şəxs Şəxsdur. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfindən qərar qəbul edilmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar