Məhkəmə qərarları › İş №3(005)-721/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-721/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-721/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X9, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, Əlimərdanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin sahə inspektoru X1 Rövşən İsgəndər oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 04 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. 04 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, 26.02.2022-ci il tarixdə saat 19:30 radələrində F.X.Xoyski küçəsində yerləşən “OBA” marketdən dəyəri 60 manat olan banan oğurlanmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin sahə inspektoru X5 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, 26.03.2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 1 ünvanında yerləşən “Oba” marketin qarşısından keçərkən marketin çöl tərəfinə 1 yeşik banan qoyulduğunu görüb. Ətrafda isə nəzarət edən heç kəs yox idi. O həmin vaxt banan yeşiyini oğurlamaq qərarına gəlib. Buna görə də, həmin yeşiyi oğurlayıb aparıb və Nərimanov metrosu yaxınlığında tanımadığı meyvə-tərəvəz dükanına 35 manat qarşılığında satıb. 03.03.2022-ci il tarixdə saat 19:00 radələrində həmin “Oba” marketin qarşısından keçərkən marketin işçiləri onu tanıyıb və saxlayıblar. O səmimi olaraq etiraf edib ki, bir neçə gün əvvəl banan yeşiyini oğurlayıb. Sonra isə oğurluq etdiyini bildikləri üçün bu barədə polisə məlumat veriblər. Bundan sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə gətiriblər. Qeyd edir ki, etdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 Rövşən İsgəndər oğlu tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirərək onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X7 ziyanın ödənilməsin nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : “İnzibati qaydada tutma haqqında” 03 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 03.03.2022-ci il tarixdə saat 20:00 radələrində inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 04 mart 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq vətəndaş X9 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, əməli törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Nərimanov RPİ-nin 18-ci PB-nə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X12 tərəfindən 04.03.2022-ci il tarixdə təqdim olunmuş ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ona tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun X6 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 04 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad edilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun X7 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar