Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-725/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixdə saat 09:50-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində (Azpetrol YDM) idarə etdiyi 99CC120 dövlət qeydiyyat nişanlı “Mersedes s 350” markalı nəqliyyat vasitəni DYP Yol patrul xidməti inspektoru polis kiçik serjantı X1. Sənədləri təqdim etdikdən sonra ona X7 tərəfindən verilmiş etibarnamənin xx.xx.2024-cu il tarixdə ləğv edildiyini və bu səbəbdən avtomobilin dayanacağa aparıldığını tələb etmişdir. Tələbinə əsasən o, avtomobili polisin müşahidəsi ilə Ulduz metrosunun yanında yerləşən dayanacağa gətirmişdir. Tərəfindən bildirildi ki, onun etibarnamənin ləğv edilməsi barədə qərardan məlumatı yoxdur, X7 ilə boşanma prosesinin getdiyi və başa çatmadığı barədə, avtomobilin X7 ilə birgə nikah zamanı alındığı barədə məlumat verildi. Tərəfindən Məhkəmə prosesinə xx.xx.2024 tarixdə çağırıldığı barədə telefonunda olan SMS xəbərdarlığı, nikah şəhadətnaməsinin surətini təqdim etdi və bu səbəbdən avtomobilin ondan alınaraq dayanacağa yerləşdirilməsinin qanuna zidd olduğunu bildirdi. Hadisə ilə bağlı 102 çağrı mərkəzinə telefonla məlumat vermişdir. DYP Yol patrul xidməti inspektoru X6 avtomobilin saxlanma səbəbini araşdırmaq məqsədi ilə yanında qərardan məlumatlı şəxsə zəng etdi və ona bu tapşırığın İsmayıl müəllim tərəfindən verildiyini aydın eşitdi. İsmayıl müəllimin X3 dayısı İsmayıl Şirəliyev olduğunu polisə bildirdiyi zaman polis oturduğu avtomobilin şüşəsini qaldırdı, söhbətini davam etdi və saat 10:20-də İXP ******* saylı protokolu çap edib ona təqdim edərək dayanacağı tərk etdi. Həmin gün AsanPay vasitəsi ilə ***-******* nömrəli telefonuna 10:23-də (demək olar dərhal) DİN tərəfindən AR İXM-nin 332.1-ci maddəsinə əsasən, İXP ******* saylı protokola əsasən “40 manat məbləğində cərimə olunmuşunuz” mesajı daxil oldu. Dərhal Bakı şəhəri DYPİ-nin Bakı şəhəri, Badamdar qəsəbəsi, Kənar dairəvi yolun kəsişməsində yerləşən ünvanına getmiş, aidiyyəti otağa yaxınlaşmışdır. (302-ci otaq səhv etmirsə). Bildirdilər ki protokol üzrə qərar çıxarılmayıb, 10 gündən sonra çıxarılacaq. Vəziyyəti izah edən şikayət ərizəsini dəftərxanaya təqdim etdi (qeydiyyat nömrəsi 7/1-7-4206, xx.xx.2024-cü il tarixli). Ərizə ilə bağlı onunla əlaqə saxlanılmayıb. xx.xx.2024 il tarixdə işə baxışa dəvət olunması barədə İXP ******* nömrəli bildiriş ona poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bu o deməkdir ki, bilərəkdən qərar onun iştirakı olmadan çıxarılmışdır. Eyni zamanda tərəfindən xx.xx.2024-cu il tarixdə Bakı şəhəri DYP-n rəisi Rəşid Piriyevin adına yazdığı ərizə (qeydiyyat nömrəsi 7/1-7-4206) ilə bağlı araşdırılma aparılmamış və ona məlumat verilməmişdir. Məlum olduğu kimi İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023 tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarı mövcuddur. Həmin qərarda ər-arvadın ümumi mülkiyyət huququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən məsuliyyətə səbəb olduğu bildirilir. Buna baxmayaraq tərəfindən müfəttişə təqdim olunmuş nikah şəhadətnaməsi nəzərə alınmamış, inzibati qərar çıxarılaraq qanuna zidd olaraq avtomobil sahibi olan X7 ilə nikah şəhadətnaməsi nəzərə almmamışdır. Qəraın çıxarılması barədə bidiriş qərar çıxarıldığı xx.xx.2024-cü il il tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Göründüyü kimi idarə etdiyi avtomobilinin idarə etmə hüququndan məhrum olunmağı qanunsuzdur və Bakı şəhər DYPİ-nin idarə etdiyim avtomobilinin saxlanılmasına verdiyi qərar konstitusiya məhkəməsinin qərarına zidd olaraq çıxarılmışdır. Beləliklə Bakı şəhər DYPİ-nin əməkdaşı X6 İXM-nin müvafiq maddələrini kobud surətdə pozmuşdur. Qeyd etmək istəyir ki, etibarnamənin ləğv edilməsi ilə bağlı ona məlumat verilmədiyindən günahı, yəni etibarnaməsiz avtomobil idarə etməyi istisna olunur. Beləliklə, hesab edir ki, İXM-nin 332.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmamışdır və inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 332.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər müəyyən edilmişdir. Fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə göstərilmişdir. Ümumi mülkiyyət hüququ ilə bağlı qeyd edilməlidir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllənin 213.1-213.3-cü maddələri). Qanunverici ər-arvadın mülkiyyətinin iki hüquqi rejimini - ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyətini müəyyən etmişdir. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri kimi müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsi göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Göstərilənlər nəqliyyat vasitəsinin ər-arvadın birgə mülkiyyətində olmasını təsdiqləmək üçün onların ümumi mülkiyyət hüququ haqqında şəhadətnamənin sürücünün yanında olmasını tələb edir. Nəzərə alınmalıdır ki, sözügedən sənədin əldə edilməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələri ilə tənzimlənir. Qanunvericiliyin tələbinə görə, notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərləarvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir. Sadalanan maddələrin əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq, həmin Məcəllənin 96.1.1, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən isə ər-arvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun gəldiyi nəticəyə görə, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 iyul 2023-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ərarvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-725/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-725/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver